AZ

Nazim Muradov: “Ərdoğanın bu gün dediyi sözü Rəsulzadə 100 il əvvəl deyib” -SÖHBƏT

“Rəsulzadənin, Əli bəy Hüseynzadənin dilini oxuyub-anlamaq çətindir. Çünki intellektual dildən istifadə ediblər”

“Rəsulzadəni keçmişimizi öyrənmək üçün deyil, gələcəyimizi müəyyənləşdirmək üçün oxumalıyıq”



Milli mətbuatımızın 150 illik yubiley tədbirlərindən qısa zaman keçib. Yubiley törənləri arxada qalsa da, "Əkinçi" və "Əkinçi"lərin müzakirəsi, anadilli abidələrimizin tarixi, bu günə ötürülən mesajlar aktuallığını qoruyur. Bu mövzuda danışacaq aydınlarımız, tədqiqatçılarımız və danışılacaq sözümüz çox olsa da, 150 illik bir dövrə Türk dünyası kontekstində yanaşıb dəyərləndirmə aparmağımız da lazım gəlir. 
Qonağımız uzun müddət Türkiyədə və Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan və Türk dünyası mətbuat tarixi, Türk dünyasında mətbuat dili və modernləşmə, ədəbiyyat və Türkoloji , Cəditçilik hərəkatı, Qaspralı söyləmlərini analizə çəkən, araşdırmalarla məşğul olan alim Nazim Muradovdur. Nazim bəylə bu mövzuları "Şərq"in baş yazarı Akif Aşırlı müzakirə edir.
Söhbətə Nazim Muradov 1883-cü ildə Baxçasarayda nəşr olunan "Tərcüman"dan söz edərək başlayır:

N.Muradov: 
- Mən uzun müddət İsmayıl bəy Qaspıralının "Tərcüman"ı üzərində işləmişəm. H.Zərdabiyə ən böyük qiyməti verən aydın da İsmayıl bəydir. İsmayıl bəy Həsən bəyin sağlığında onun adına həmişə xütbə oxutdurub. Vəfat edəndən sonra isə adına Quran xətm elətdirib. Teokratik dövlət quruluşuna sahib olan Rusiyada bu çox önəmli idi. 

Akif Aşırlı: 
- İsmayıl bəy Qaspıralının "Tərcüman"da "Əkinçi", Həsən bəy Zərdabi şəxsiyyəti, "Ziya" qəzeti, Ünsizadə qardaşları ilə bağlı xeyli yazıları var. O, Zərdabini “Şeyxül-Mühərririn” (bütün jurnalistlərin şeyxi, mürşidi) adlandırırdı. 
Azərbaycanın ilk mətbu nəşrlərinin tarixi önəmi barədə də bu qəzetin səhifələrində xeyli maraqlı məlumatlar tapmaq olar. 

N.Muradov: 
- İsmayıl bəy Qaspıralı "Tərcüman"ı 10 aprel 1883-cü ildə Kırım-Baxçasarayda çıxartdı. Ondan əvvəl isə "Ziya"da yazılar yazırdı. "Şafaq", "Tonğuc"u da qısa zamanda çap etdirdi. Bu qəzetlərin ömrü qısa oldu. Qaspıralı “Millət” qəzetini çıxartmağa isə nail ola bilmədi.

Akif Aşırlı: 
- Bağçasarayda qəzet çapı üçün imkanlar yox idi. "Ziya"nın özündə yazırlar ki, İsmayıl bəy Qaspıralı gəldi, biz 500 nüsxə çap edib Baxçasaraya göndərdik.

N.Muradov: 
- Əvvəl mətbəə olmaya bilər, sonra Qaspıralı onu təmin elədi. Mətbəə aldı. Bir önəmli nöqtəyə də işıq tutmaq istəyirəm. Zərdabi "Həyat" qəzetinin 1905-in sonunda və 1906-cı ilin ilk saylarında yayımlanan “Rusiyada əvvəlinci türk qəzetəsi" məqaləsində yazır ki, mən 1875-ci ildə İstanbula getdim, hürufatı aldım, gəldim. Amma o, İstanbula avqustda getmişdi, hürufat qışda gəldi çıxdı. Yazır ki, biz o il qəzet çap etmədik. Deməli, o, İstanbula 1875-də deyil, 1874-cü ildə gedir.

Akif Aşırlı: 
- Həsən bəy Zərdabinin bir neçə gün qonaq olduğu həmin malikanə Türkiyədə durur. Türkiyədə Həsən bəy Zərdabinin qaldığı həmin mənzil indi də həyatda olan Kərim Mehmetzadənin ulu babasının olub. Əslən gəncəlidirlər. K.Mehmetzadənin ulu babası təqribən 1850-ci ildə İstanbula köçüb, mülk alıb, xalı ticarəti ilə məşğul olub. Həsən bəy Zərdabi yazır ki, mənim Türkiyədə tanıdığım, ticarətlə məşğul olan Azərbaycan tacirlərinin xətti ilə gedib 7 put hürufat alıb gətirdim. 
İstanbulda qədimliyini qoruyub saxlayan həmin malikanədə Azərbaycan tarixinin izləri var. Sonra Əli bəy Hüseynzadənin 1903-cü ildə Sultan Əbdülhəmid rejimindən daldalandığı, gizlənməyə məcbur olduğu ev də həmin evdir. Ə.Hüseynzadə o evdə bir neçə ay qalıb, şəkillər çəkib. O şəkillərin orijinalı bu dəqiqə o evdədir…Qayıdaq Həsən bəyə.

N.Muradov: 
- "Tərcüman" 1883-cü ildən başlayaraq ara vermədən 35 il, 3000 saya yaxın çıxıb. 1905-ci ilə qədər də həm rus, həm türkcə çıxıb. Bu ildən sonra İ.Qaspıralını, əslində, çox tənqid edirdilər. Özəlliklə 1905-ci ildən sonra. Məsələn, Kırımda çıxan “Vətən xadimi” qəzetinin gənc müxbirləri deyirdilər ki, “Babay ruslara çox yağ çəkir". Yəni ruslardan çəkinir. İsmayıl bəy isə cavabında deyir ki:

"Okum nişan ursa idi, 
Atım koşuv ozsa idi, 
Çapar idi Çora Batır. 
Okum nişan urmaqanda, 
Atım koşuv ozmaqanda, 
Ayt, n'işlesin Çora Batır?!"

Yəni “oxum hədəfləri vursaydı, atım yürüşlərdə birinci ola bilsəydi, Çora Batır yarışlarda qalib gələrdi. Amma oxum nişanı vura bilmirsə, atım yürüşlərdə birinci ola bilmirsə, söylə neyləsin Çora Batır?!”
Sonra da deyir ki:

"Hər işin bir zamanı var, 
Hər zamanın bir işi. 
Toprak hazır olmayınca, 
Buğday saçmaz bir kişi" 

O, strategiya uzmanı idi. Qaspıralı hələ 1880-ci illərdə deyirdi ki, “Rusiya haqq etdiyi doğal sınırlarına hənüz ulaşmamışdır". Bu ifadəyə görə çoxları Qaspıralının, Rusiyanın işğalçılıq siyasətini dəstəklədiyini düşünərək onu tənqid edirlər. Halbuki o, futuroloji bir fəhmlə təxminən yüz il sonra Rusiyanın dağılacağını hesablayaraq strateji bir xəritə çizib Türk dünyasına təqdim etdi. Onun ifadələrini yanlışlıqla "Rusiya işğalçıdır və hər yeri tutmalıdır" kimi başa düşürdülər. Amma o demək istəyir ki, “Çarlıq Rusiyanın ömrü zatən bitib. Təxminən 70-80 il də bolşeviklərin iqtidarı sürsün. Yüz il çəkməz, bu, 1991-ci ilə təsadüf etdi, Sovetlər Birliyi də dağılacaq, əsir türklər azadlığına qovuşacaq. Çin türkləri ilə İran türkləri isə bağımsız ola bilməyəcək. O istəyirdi ki, Uyğur türkləri ilə İran türkləri də azadlıqlarına qovuşsunlar. Türk birliyi ortaya çıxsın. İ.Qaspıralı böyük türk milləti yaratmaq istəyirdi. O, “Dildə, Fikirdə, İşdə Birlik!” deyirdi. “Dildə birlik” “həm ürək, həm lisan birliyi” deməkdir. Fikir - həm düşüncə, həm məfkurədir. Düşüncə keçmiş, məfkurə gələcəklə ilgilidir. “İşdə Birlik” isə həm ekonomik birlik, həm də “işdə (!) birlik!”dir. 

Akif Aşırlı: 
- Qaspıralı ilə Əli bəy Hüseynzadə iki böyük ədibdir. Biri "Tərcüman"ı yaratdı, digəri mətbuatda Turançılığın əsasını qoydu. Sizcə, bu ikisinin yeri Türk dünyasında fikir baxımından haradadır?

N.Muradov: 
- Mən Qaspıralını bütün Cədidçilərin atası sayıram. Bu Cədidçilərin içində Rəsulzadənin yetişməsində böyük rolu olan Sultan Məcid Qənizadə də var. Azərbaycan Cümhuriyyətinin qurulmasında Qaspıralının rolu böyükdür. Onun ən layiqli tələbələrindən biri məhz Rəsulzadədir. Məhəmməd Əmin bəy dövlət quran bir Cədidçidir. 
...Əli bəy Hüseynzadə Turan ilə M.Rəsulzadə arasında qarşılıqlı sayğı olduğunu deyə bilərik. Öncəliklə onların ikisi də son dərəcə kübar, kültürlü, səbirli, sayğın şəxsiyyətlərdir. Onlar bir-birilərinin siyasi-ideoloji fəaliyyətini də təqdir edirlər. Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti…” əsərinin ön sözünü də Ə.Hüseynzadə yazmış, Rəsulzadəni bitərəf bir siyasətçi kimi saymadığını söyləmişdir.  
Rəsulzadənin silah arkadaşı olan Nəsib bəy Yusifbəylinin isə ən böyük özəlliyi odur ki, Məhəmməd Əmin bəyi olduğu kimi, milli lider olaraq qəbul edib. Nəsib bəy Yusifbəyli Odessada hüquq oxumuşdu. Rəsulzadə isə orta məktəb belə bitirməyib. Universitet bitirən N.Yusifbəyli Azərbaycan Cümhuriyyətinin qurulmasında əsl əmək sahibinin Rəsulzadə olduğunu etiraf edirdi. Məhz buna görə də Gəncədə qurduğu “Adem-i mərkəziyyət”i Müsavatla birləşdirmiş və Rəsulzadə ilə iqtidar ortağı olmuşdular. 
Texniki peşə məktəbini belə tam bitirməyən Məhəmməd Əmin bəy, əslində, Azərbaycan Cümhuriyyətini 1912-ci ildən qurmağa başlayıb, 1918-ci ildə isə onu elan edib. Rəsulzadənin Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovla da arası çox yaxşı olub. Topçubaşov da Rəsulzadəni milli lider kimi qəbul edib. Topçubaşovla bağlı bir açıqlama da vermək istərdim: Topçubaşov Çar Rusiyasının hiyləgər, teokratik və demoqrafik siyasətini ifşa edənlərdən biridir. Çarlıq Rusiya, zamanında İdil-Ural coğrafiyasındakı Tatar kəndlərini topluca xristianlaşdırmağa çalışırdı... Böyük bir Tatar kəndinə gətirib iki dənə rus mujiki ailəsi yerləşdirirdilər. Rus dövləti onlara deyirdi ki, siz bizdən kilsə tələb edin, gerisinə qarışmayın. Müslüman köyündə kiçik bir kilsə tikirdilər. Kilsəyə doğal olaraq bir keşiş təyin edirlər. Kilsədən sorumlu o keşiş həm də köy muxtarı olur. O köyün inzibati yönətim mərkəzi artıq kilsə olur. Kim o kilsəyə qeydiyyata düşürdüsə, adı kilsə dəftərinə yazılırdısa, sözsüz, xristian sayılırdı. Onları toplu şəkildə xristianlıqdan xilas edən şəxs - vəkil Topçubaşov olur. O, çox böyük hüquqçu idi. Xatırlayaq ki, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı Həsən Bəy Zərdabinin qızı idi.

Akif müəllim: 
- Sizin son günlərdə bir yazınız yayımlandı. Zərdabinin "Əkinçi" qəzetini ərsəyə gətirməklə bağlı yazdığı mətndən söhbət gedir. 6 fərqli mətni qarşılaşdıraraq təhlil edirsiniz, səhvləri ortaya qoyursunuz. Bu səhvlər nə idi?

N.Muradov: 
- Akif bəy, sağ olun. Əslində, söz etdiyiniz mətn Zərdabinin “Rusiyada əvvəlinci türk qəzetəsi" məqaləsidir. Bu məqalə "Həyat" qəzetində yayımlanmışdı. Yazı, ikinci dəfə isə 1926-cı ildə işıq izi görür. İlk iki yayım ərəb əlifbasında idi. 1960-cı ildə yayımlanan məqalələr kiril əlifbasında, onlardan sonrakılar isə Yavuz Akpınar və Vilayət Cəfərovun yayımladığı nüsxələr latın qrafikasındadır...  
Əvvəla fonetik, qrammatik səhvlər çoxdur. Adlar yanlış oxunub. Zərdabinin qələmindən çıxan hər şeyi doğru qəbul ediblər. 

Akif Aşırlı: 
- Başqa nə səhvlər var?

N.Muradov: 
- Orada adlarda səhvlər var, məsələn, Bryuggen, “Bir yoğuni” oxunub.  
...Həsən bəy böyük fədakardır. O, passionar insan idi. Bu insanlar həm fədakar, həm də qəhrəman olurlar. Əli bəy Hüseynzadə ilə Zərdabi tam bir xalq adamıdır. Əhməd bəy Ağaoğlu da elə idi lakin o, bəy idi deyə daha aristokrat hərəkət edirdi. Keçən əsrin qəzetəciləri dildən istifadəyə görə bir-birindən ayrılırlar. Ən qüsursuz dilə sahib olanlar Rəsulzadə ilə Əli bəy Hüseynzadədir. Zərdabi, Qaspıralı, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə və digər ziyalılar qüsurlu bir dilə sahibdirlər. Onlar başqa dillərin sintaktik qəliblərini Azərbaycan türkcəsinə daxil etməyə çalışıblar.

Akif Aşırlı: 
- 1903-cü ildə Zərdabi, Azərbaycan xor mahnılarını rusca, 1905-ci ildə isə türk nəğmələrini toplayıb çap etdirdi. Söz etdiyim birinci kitab təəssüf ki, bizim əlimizdə yoxdur. Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun"u yaratdı. Xorun oxunması, operanın yazılması məsələsini Zərdabi Hacıbəyliyə məsləhət görmüşdü. Demişdi ki, xalqın operaya böyük ehtiyacı var. 

N.Muradov: 
- Zərdabi təəssüf ki, Üzeyir bəyin “Leyli və Məcnun” operasını görmür. O, 1907-də ölür, 1908-ci ildə əsər səhnələşdirilir. Bu da bir şanssızlıqdır. 

Akif Aşırlı: 
- Bizim köhnə anadilli abidələrimiz var. Bu abidələrin əski əlifbadan çevrilməsində yol verilən kobud səhvlərdən danışdınız. Yavuz Akpınar hocamız da tənqidi fikirlərini deyir. Burada səhvlər nələrdir?

N.Muradov: 
- Akif bəy, əvvəla biz bilməliyik ki, türkcənin dil qanunları çox sağlamdır. Türkcədə ahəng qanunu özəlliklə dilin bütün tarixi və çağdaş ləhcələrində dəmir qanun olaraq özünü göstərir. Özbək türkcəsi xaric, bütün türkcələrdə bu qanun indi də qüvvədədir. Bu, şivələrin hamısı 9 sait üzərində qurulub. Özbək türkcəsi İlminski, Ostroumov və Polivanovun şəhər özbəkcəsi (Sartça) deyilən bir qavramı ortaya ataraq Özbək türkcəsini Tacikcənin təsirinə məruz qoydular; ö, ü, ı səslərini özbək türkcəsindən çıxartdılar. Ö-nün yerinə o, ü-nün yerinə u, ı-nın yerinə i deyilməyini istədilər. Bu zaman isə ahəng qanunu tamamilə pozuldu. Bunlarla kifayətlənmədilər. Özbək türkcəsi tıpkı bir Hint-Avropa dili kimi yazılışı ilə oxunuşu arasında böyük fərqlər olan bir dil halına gətirildi. A-lar e; o-lar a oxundu. Bütün türk dillərinin 9 sait (a, ı, o, u, e, ə, i, ö, ü) üzərində qurulduğunu lütfən unutmayaq... 
"Sağır-nun" bizim öz səsimizdir. Ortaq türk əlifbasında da var. 1992-dən etibarən onu universitetdə oxuyanda eşitdik. Mən 1995-ci ildən bu səsdən istifadə edirəm. Hətta doktorluq dissertasiyamda da (2003-cü ildə) 34 hərfli ortaq türk əlifbasından istifadə etmişəm. Bu, mənim üçün yeni bir şey deyil. 

Akif Aşırlı: 
- Sovetlər Birliyinnin tərkibindəki türk xalqları rus dilinin sintaktik təsirinə düşərək ruscaya aid qəliblərdən istifadə edirlər.

N.Muradov: 
- Məsələn, biz deyirik ki, "məclisi kim aparırdı"? Bu, düzgün ifadə deyil. Bu, ruscadan tərcümədir. Bunu Güney azərbaycanlılar da bilmir. Və ya deyirik ki, "mən səni yığacam". Bu da düzgün deyil. Rus dilindən keçən leksik-semantik kalkalardan, qəlib ifadələrdən vaz keçməliyik. Təəssüf ki, türk ləhcələrinin hamısında bu sıxıntı var. 
Cümlə üzvlərinin sırası da çox ciddi bir məsələdir. Bizim dildə xəbər sonda gəlir. Mən iddia edirəm ki, dilimizdə təyin deyə bir cümlə üzvü yoxdur. Bunu heç kimə qəbul etdirə bilməmişəm. Əslində, təyin rus dilindəki “opredeleniya”nın tərcüməsidir. Bizim rus dili ilə qohumluğumuz yoxdur. Təyinə ehtiyacımız da yoxdur. Çünki türkcədə cümlə üzvləri xəbərlə əlaqəsinə görə müəyyənləşir. Bütün cümlə üzvlərinin xəbərlə əlaqəsi olduğu halda, təyinin heç bir halda xəbərlə əlaqəsi yoxdur.
... Arif Rəhimoğlu İsveçdə rəhmətə getdi. Çox böyük ideoloq idi. O, vəfatından 12 gün sonra dəfn olundu. O 12 gündə mən yata bilmədim. Gözümün qarşısına gəlib deyirdi ki, məni torpağa verin, rahat olum. Bir dəfə də dedi ki, mənim haqqımda yazı yazacaqdın, nə oldu? Dedim üç dənə yazmışam. Dedi ki, yox, onları bilirəm, onlar deyil. Bir az huşlanıb durandan sonra ağlıma gəldi ki, Göktürkcə bir yazı istəyirmiş. Mən də Göktürkçə bir yazı yazdım. 
Buradakı məqsədim ondan ibarətdir ki, tarixi türk şivələrinin heç biri ölü dil deyil. İstər Orxon türkcəsi (Göktürkcə) olsun, istər Karahanlı, istər Əski Uyğur, istər Xarəzim, istər Qıpçaq, istər Çağatay, istərsə də Əski Anadolu - bunların hamısına aid kəlmələri seçərək cümlələr qura, yeni mətnlər ortaya qoya bilərik.
Təbii ki, bu dillərin hamısında üslub fərqli olacaqdır. Burada önəmli olan ana dilimizin hakimiyyətidir. Məsələn, Füzuli deyirdi ki, “Aşiyani-mürği-dil, zülfi-pərişanındadır". Beş kəlmənin beşi də farscadır, amma o beş kəlmə üç türk şəkilçisinin əmrindədir. Füzulinin böyüklüyü buradadır. 

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

...Rəsulzadə deyir ki, “Milliyətçilik bolşeviklərcə tərvic edilməz, ona sadəcə təhammül edilir.” Ya da “Kendi sınırları içində kalan Rusiya məsud olsun.”; “Bizdən izin almadan torpağımıza ayaq basan hər bir rus işğalçıdır". Rəsulzadədə düşüncəni ifadə təkrarı yoxdur. Rəsulzadə elə bir dəryadır ki, içindən qaynayır. Seyid Həsən Tağızadə adlı bir aydın var, İran türklərindəndir. Əslən ordubadlıdır. O deyir ki, mən Rəsulzadə qədər əxlaqlı adam görməmişəm. O heç vaxt yalan danışmayıb. Davasına inanan, sözünə sadiq bir insandır… Hətta köhnə bir ayaqqabısı varmış. Seyid Həsən Tağızadə gedəndə öz ayaqqabılarını ona qoyub gedir, guya unudub. Tağızadə deyir ki, Rəsulzadə gedib qəzet alırdı, ayaqqabısının altı deşik olsa da, o pula yeni ayaqqabı almırdı. Əli bəy Hüseynzadə "Füyuzat"çıdır. Füyuzatçılar çox tutucudurlar və Türkiyədə çıxan "Sərvəti-finun" dərgisinin dil anlayışını mənimsəmişdilər. 

Akif Aşırlı: 
- Mətbuatımız 150 illik yol keçmiş bir tarixdir. Qəzetlərimiz transleterasiya olunublar. Məsələn, "Molla Nəsrəddin", "Füyuzat", "Azərbaycan", "Yeni Qafqazya", "Dirilik" qəzetləri... Hocam, oxumamış deyilsiniz. Bu yeni yayınlar barədə nə düşünürsünüz?

N.Muradov: 
- İstərsəniz, ən sondan başlayaq. ADA Universitetinin proyekti olan "Azərbaycan" qəzetinin transleterasiyası möhtəşəm alınıb. Dəyərli dostlarımız Mehdi Gəncəli və Azad Ağaoğlu 20 cildlik bu böyük yayının 13 cildini artıq hazırlayıb, çap etdiriblər. Son 7 cilddə də işlər davam edir. 
"Yeni Qafqazya" dərgisi 4 cilddə yayımlandı. Çox kiçik qüsurlarını gözə almasaq, bu yayının da mükəmməl olduğunu deyə bilərik. Naşirləri Yavuz Akpınar, Səlçuk Türkyılmaz və Yılmaz Özkaya idi.
“Dirilik” jurnalının təəssüf ki, özəl ad indeksi əlavə edilməyib. 

Akif Aşırlı: 
- Biz nələrin üzərində durmalıyıq? Mətbuat tarixi ilə bağlı çevrilməli hansı anadilli əsərlərimiz var? "Füyuzat", "Molla Nəsrəddin", "Həqiqət", "Yeni həqiqət"...

N.Muradov:
 - Əvvəla, orfoepiya məsələsi ki var, bu məsələdə bir az ayaq dirəməliyik. Orfoepiya deyə bir şey olmamalıdır. Çünki bizim dilimiz ingilis dili deyil. Bizim dilimiz yazıldığı kimi oxunur, oxunduğu kimi yazılır. Əlifbamızı mükəmməlləşdirməliyik. Ən azı 34 hərfdə birləşməliyik. Türkmənləri, özbəkləri bizlə bir araya gətirməliyik. Sadələşdirmələr aparmalıyıq. 
Mətbuat tariximizdəki bütün qəzetələri incələməliyik. O qəzetələrdəki yayımlanan dəyərli mətnləri seçməli, onları bir araya gətirərək yayımlamalıyıq.
Məsələn, Rəsulzadənin, Əli bəy Hüseynzadənin dilini oxuyub-anlamaq çətindir. Çünki intellektual dildən istifadə ediblər. Rəsulzadəni keçmişimizi öyrənmək üçün deyil, gələcəyimizi müəyyənləşdirmək üçün oxumalıyıq. 
Türkiyə Prezidenti R.T.Ərdoğan deyir ki, “Dünya beşdən böyükdür.” Rəsulzadə 100 il bundan əvvəl "İnsanlara hürriyyət, millətlərə istiqlal" deyirdi. Bu gün Ərdoğanın dediyi söz Rəsulzadənin 100 il əvvəl dediyi fikrin ifadə şəklidir. 


Seçilən
14
sherg.az

1Mənbələr