Rusiya prezidenti Vladimir Putin ölkədə sosial mediaya nəzarəti gücləndirərək Çin modelinə uyğun vahid və nəzarət edilə bilən internet sisteminə doğru irəliləyir. Yeni yaradılan “Max” adlı çoxfunksiyalı platforma, mesajlaşmadan dövlət xidmətlərinə qədər geniş imkanlar təqdim edir və tək tətbiq altında bütün internet fəaliyyətlərini birləşdirir.
News24.az xəbər verir ki, iyul ayında Kremlin VK adlı dövlətə məxsus sosial media platformasını rəsmi mesajlaşma xidməti elan edib. 16 iyulda isə Putin, “dost olmayan ölkələrin” proqram və rabitə xidmətlərinə yeni məhdudiyyətlər qoyulması üçün hökumətə göstəriş verib.
İki gün sonra Dövlət Dumasının informasiya texnologiyaları komitəsinin sədr müavini Anton Gorelkin, WhatsApp-ın bu məhdudiyyətlərdən təsirlənməsinin “çox mümkün” olduğunu açıqlayıb. YouTube rəsmi olaraq bloklanmasa da, bağlantı sürəti süni şəkildə zəiflədilib. TikTok-da isə xarici məzmunlara girişin məhdudlaşdırılması platformanın ölkədə populyarlığını azaldıb.
“Max” tətbiqi mesajlaşma, ödənişlər, dövlət portallarına giriş, hətta konsertlərdə növbəsiz keçid kimi xidmətləri bir araya toplayaraq Rusiyada vahid rəqəmsal infrastrukturun əsasını qoyur. Platforma Kremlinə tabe olan enerji nəhəngi “Qazprom” vasitəsilə tam nəzarətdə saxlanılır.
Beləliklə, Rusiya rəqəmsal suverenliyini sərt nəzarət altında quraraq, vətəndaşların internet fəaliyyətlərini tam izləyə bilən sistemə keçid edir.
Xeyrənsə Piriyeva