Almaniyanın “Bayer” klubunun 32 yaşlı isveçrəli dayaq yarımmüdafiəçisi Qranit Caka bundan sonra “Sanderlend”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Sanderlend”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “Sanderlend”ə 15 milyon avro məbləğ müqabilində başa gəlib.
Qranit Caka “Bazel”in məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində Mönhenqladbax “Borussiya”sı, “Arsenal” və “Bayer”də oynayıb.
Geridə qalmış mövsümdə Caka “Bayer” üçün 49 oyuna 2 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Qranit Caka hazırda kapitanı olduğu, 2011-ci ilin iyun ayında debüt etdiyi İsveçrə yığmasının heyətində 137 oyuna çıxıb, 14 qol vurub, 12 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı isveçrəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
