AZ

Yaşar Nəsirov: "30 il vəzifədə olan rəhbərlik dedi ki, bir azərbaycanlıya ilk dəfədir, ad verirlər"

Bu gün 60 yaşını qeyd edən, yunan-Roma güləşi üzrə Ukrayna milli komandasının azərbaycanlı baş məşqçisi, Əməkdar məşqçi Yaşar Nəsirovun Oxu.Az-a müsahibəsi

- Güləşlə nə vaxtdan məşğulsunuz və məşqçi kimi hansı mərhələləri keçmisiniz?

- Mən karyerama Sumqayıtda, Qərib Əliyevin rəhbərliyi altında məşqlərlə başlamışam. Güləşə 18 yaşımda başlamışam. 1985-ci ildə Xankəndidə keçirilən gənclər arasında Azərbaycan çempionatının qalibi olmuşam. Həmin il keçirilən böyüklər arasında Azərbaycan çempionatında da çempion adını qazanmışam. Bundan sonra Kiyevdən dəvət aldım - o vaxt 20 yaşım var idi. Ukraynaya gedəndən bir müddət sonra qabırğam sındı və güləşi tamamilə buraxdım. Maraqlı bir faktı qeyd edim: "idman ustası" adını aldığım vaxt artıq karyeramı bitirmişdim.

- Ukraynada çalışmağa başladığınız dövrdə ilk çətinlikləriniz nələr olmuşdu?

- Burada qəribə bir vəziyyət var. İnsanlar Azərbaycandan gələnlərə, adətən, bazarda işləyən, alverçi kimi baxırlar. Elə bilirlər ki, buraya gələn hər kəs ticarətlə məşğuldur. Hətta mənə "Əməkdar məşqçi" adı veriləndə azərbaycanlı olduğumu dedikdə inanmamışdılar. Federasiya rəhbərliyindən bildirdilər ki, 30 ildən çoxdur, bu vəzifədədirlər, amma ilk dəfədir, azərbaycanlı birinə bu adı verirlər. Ukraynada yüzlərlə azərbaycanlı yüksək vəzifələrdə işləyir, amma bizə hələ də bazarda işləyən biri kimi yanaşırlar. Təbii ki, bazarda çalışanlara qarşı pis münasibətim yoxdur, lakin xalq olaraq hər birimizə eyni stereotiplə yanaşmaları məni narahat edirdi.

- Azərbaycan və Ukrayna güləşçiləri arasında hansı fərqlər var?

- Əslində, hər bir ölkənin özünəməxsus idman prinsipləri və məşq metodikası var. Qafqaz ölkələrində bu, xüsusilə nəzərə çarpır. Avropa ölkələrində isə yanaşmalar fərqlidir. Azərbaycanlı idmançıların güləşində daha çox taktika və elastiklik müşahidə olunur. Bu, həm gürcü, həm erməni, həm rus, həm də ukraynalı güləşçilərdə belədir. Avropalı güləşçilər isə əsasən, fiziki gücə üstünlük verirlər. Onlar üçün əsas məqsəd rəqibi tez bir zamanda məğlub etməkdir. Taktikaya o qədər də önəm vermirlər.

- Azərbaycanlı güləşçilərdən kimləri bəyənirsiniz?

- Hazırda ən çox bəyəndiyim güləşçilərdən biri Həsrət Cəfərovdur. Amma onun hələ uzun bir yolu var. Əgər üzərində ciddi şəkildə çalışsa, böyük uğurlar əldə edə bilər. Fikrimcə, bəzi azərbaycanlı güləşçilər var ki, Güləş Federasiyası onları daha çox diqqətdə saxlamalıdır. Xüsusilə də ağır çəkidə çıxış edən idmançılarımızı. Çünki bu kateqoriyada güləşənlərin sayı çox azdır.

- Azərbaycan Güləş Federasiyasından sizə təklif gəlsə, burada çalışmaq istərdiniz?

- Əlbəttə, istərdim. Orada çalışsam, idmançılarla birlikdə inkişaf edər və daha çox uğurlar qazanardıq. Çünki məşqçi də idmançılarının uğurları ilə böyüyür, təcrübə toplayır. Amma etiraf edim ki, bu təklif gənc yaşlarımda gəlsəydi, daha həvəslə yanaşardım. Artıq 60 yaşım var. Üstəlik, Ukraynanın İdman Nazirliyi ilə uzunmüddətli müqaviləmiz var. Mənimlə birlikdə çalışan insanlar bu müqaviləni mənə görə imzalayıblar. Onları yarı yolda buraxmaq düzgün olmaz.

- Bizim ölkəmizdən güləşçi və ya məşqçi kimi Ukrayna millisində görmək istədiyiniz şəxslər varmı?

- Bəli, var. Elə güləşçilərimiz var ki, onları həm məşqçi, həm də Ukrayna millisinin şərəfini qoruyacaq idmançı kimi burada görmək istərdim. Xüsusilə gənc və perspektivli idmançılarla işləməyi çox istərdim.

- Bildiyimiz qədərilə, bu gün sizin doğum gününüzdür. Təbrik edir, uzun ömür arzu edirik! Bu gün Azərbaycanda yaşayan yaxınlarınıza hansı mesajı göndərərdiniz?

- Bütün azərbaycanlılara, xüsusən sumqayıtlılara salam göndərirəm. Hazırda Azərbaycan Güləş Federasiyasında çalışan hər kəslə yaxın və xoş münasibətimiz var. Hər kəsə gələcək yarışlarda uğurlar arzu edirəm! Xoş günümdə məni xatırladığınız üçün təşəkkür edirəm!

İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr