Bu barədə Bakues.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Festival “Burada İordaniya… və onun şərəfi davam edir” şüarı ilə, Kral II Abdullahın himayəsi altında İordaniya Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarzən İbrahim Babayevin rəhbərlik etdiyi qrup və Dövlət Rəqs Ansamblının solistləri festivalda ölkəmizi təmsil edir.
İyulun 28-də festival çərçivəsində İbrahim Babayevin rəhbərliyi ilə hazırlanmış “MughaMix” musiqi layihəsinin təqdimatı olub. Qədim Caraş şəhərinin mərkəzi meydanında reallaşan konsertdə İ.Babayev (tar), Anar Vəlizadə (balaban) və Vəfadar Ramizin (nağara) ifasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından “Fantaziya”, H.Həsənovun “Unuda bilmirəm” əsərləri, “Xarıbülbül” və “Sarı gəlin” Azərbaycan xalq mahnıları səsləndirilib.
Konsertdə həmçinin İ.Babayevin “MughaMix”, “Dance in the Sky” və “17.17” əsərləri ifa olunub. Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən “Yaylıq” xalq rəqsi, V.Mustafazadənin “Dance” əsəri və musiqiçi üçlüyünün iştirakı ilə səhnələşdirilmiş “Azərbaycan rəngləri” (Colors of Azerbaijan) kompozisiyası təqdim olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Qeyd edək ki, Caraş festivalı çərçivəsində 35 ölkədən nümayəndələrin iştirakı ilə 230-dan artıq mədəni proqramın keçirilməsi nəzərdə tutulur. Proqrama 140-dan çox şairin qatıldığı poeziya gecələri, müxtəlif xalqların musiqi və folklor ansambllarının çıxışları, eləcə də “Caraş ümidləri” adlı karikatura, təsviri sənət, xəttatlıq və ədəbiyyat günləri daxildir.
Onu da bildirək ki, ölkəmizdən ifaçı və kollektivlər 2009, 2012, 2014 və 2021-ci illərdə Caraş festivalında uğurla iştirak ediblər.