AZ

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İrəvanın yeni strateji kursunu nümayiş etdirir. 

 

Siyasi ekspert Məhəmməd Əsədullazadə mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini qəbul edib:

 

“Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 42 km-lik Zəngəzur dəhlizinin açılmasını ölkəsinin iqtisadi inkişafı üçün prioritet adlandırıb. Ermənistan prezidenti bu dəhlizi "dünyanın kəsişməsi" adlandırsa da, konkret olaraq “Zəngəzur” dəhlizinin açılmasının vacibliyindən danışıb. Demək olar ki, erməni siyasi rəhbərliyi Zəngəzur dəhlizinin açılmasında qərarlıdır. Bununla Qərblə əməkdaşlığı inkişaf etdirəcək. İqtisadiyyatının inkişafı və Qərblə-Şərq arasında nəqliyyat qovşağı kimi çıxış etməklə, Qərbin diqqətini ölkəsinə çəkəcək”.

 

Onun sözlərinə görə, baş nazir N.Paşinyandan sonra, prezidentin də dəhlizin açılmasını vurğulaması İranın da Ermənistana münasibətini dəyişdi:

 

“Artıq Rəsmi Tehran Zəngəzur dəhlizinin ABŞ şirkətinə icazə veriləcəyi təqdirdə Ermənistanın poliqona çevriləcəyini qeyd edib. Bununla da Tehran Ermənistana sərt mövqeyini bildirdi. İran Zəngəzur dəhlizini regional və iqtisadi maraqlarına təhdid hesab edir. Həmçinin ABŞ-nin onun şimalla əlaqələrinin qarşısını alacağından narahatdır. Eyni zamanda, Şərq-Qərb arasında nəqliyyat əlaqəsindən məhrum olacağını düşünür”.

 

Siyasi şərhçi qeyd edib ki, İranın dəhlizə qarşı çıxması əvvəllər Yerevanın siyasi maraqlarına cavab verirdisə, hazırda Ermənistan İranın bu mövqeyini qəbul etmir. Ermənistan rəhbərliyi dəhlizə təhlükəsizlik nəzarətini ABŞ-yə verməkdə və “Tramp körpüsü” adlandırılmasında maraqlıdır:

 

“Paşinyan bununla ABŞ-nin siyasi və iqtisadi dəstəyini almağı hədəfləyir. Ermənistanın Zəngəzur dəhlizində ABŞ ilə əməkdaşlığı İran-Ermənistan arasında yeni çatların yaranmasına səbəb olacaq. İki ölkə arasında 30 illik anti-Azərbaycan mövqeyi üzərində qurulmuş əməkdaşlıq “sabun köpüyü” kimi əriməyə başlayır. Ermənistan ənənəvi Rusiya-İran odundan ayrılıb, Türkiyə-Azərbaycan oxuna yaxınlaşmaqla Qərblə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir".

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
17
1
sfera.az

2Mənbələr