Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Təbiətdən gələn şəfa” layihəsi şərçivəsində 25 iyul 2025-ci tarixində Bakı şəhərində Botanika İnstitutunda Forum keçirildi.
QHT.az xəbər verir ki, təşkil olunan Forumun məqsədi ölkəmizin təbii şəfalı nemətlərini, müalicəvi bitkilərini, naftalan neftini, duz dağını, palçıq vulkanlarını, müalicəvi termal sularını və bu nemətlərdən düzgün istifadə qaydalarını, habelə sağlam və təbii qidalanmanı, təbiətlə harmoniyanın psixoloji təsirini və düzgün düşüncəni təbliğ etməyin əhəmiyyətini və yollarını müzakirə etmək olmuşdur.
Forumun açılışında çıxış edən “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihənin rəhbəri Nərminə Qəribova Forum iştirakçılarına layihənin və layihə çərçivəsində keçirilən Forumun məqsədi, habelə sədrlik etdiyi İctimai Birliyin fəaliyyəti haqqında məlumat verib. O, Forumun işinə uğurlar arzulayaraq bu tədbirin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Tədbirə ev sahibliyi edən, elm adamları və vətəndaş cəmiyyətinin bir araya gəlməsinə dəstək göstərən “Azərbaycan Botaniklər Cəmiyyəti” İctimai Birliyinin məsul katibi, Biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümova “Təbiətdən gələn şəfa!” layihəsinin əhəmiyyəti haqqında danışaraq bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini vacib hesab etdiyini bildirib. O, bu istiqamətdə “Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyi ilə əməkdaşlıq edilməsindən məmnunluğunu ifadə edib.
Tədbirin qonaqları Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov ekoloji mədəniyyətin formalaşdırılması və təbii sərvətlərimizin tanınması haqqında, alternativ psixologiya elminin müəllifi, tibbi biologiya üzrə elmlər doktoru, professor Yaşar İbadov isə ekologiyanın psixologiya ilə qarşılıqlı əlaqəsi haqqında Forum iştirakçılarını məlumatlandırmışlar. Forumda iştirak edən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, Respublikanın Əməkdar müəllimi Zülfiyyə xanım Vəliyeva sağlamlığımızı qorumaq üçün dünyanı qorumağın vacibliyi, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri, Pedoqoqika üzrə fəlsəfə doktoru Aynur Zülfüqarlı isə uşaq və gənclər arasındə ekoloji mədəniyyətin formalaşdırılması və təbiətdən gələn şəfalı nemətlərin təbliğinin aparılması qaydaları haqqında çıxış etmişlər. Bundan başqa, doktorant, elmi işçi Emil Şükürlü Azərbaycan florasında yayılan Asteraceae fəsiləsinin bəzi növlərinin faydalı xüsusiyyətləri, Biologiya üzrə fəlsəfə doktoru, elmi işçi Fərəh Əmrahova bitkilərin insan sağlamlığına möcüzəvi təsiri, Farmakoloq-bioloq Ülkər Məmmədova Azərbaycanın müalicəvi suları və palçıq vulkanları, xalq təbabətində rolu və müasir tibbdə tətbiqi, Azərbaycan Tibb Universitetinin məzunu həkim dietoloq, inteqrativ nutrisioloq, fitoterapevt, funksional tibb həkimi Günel Hacızadə İnteqrativ təbabət, fitoterapiyanın bu günkü vəziyyəti, Şüuraltı terapevt Vəfa Məmmədova kainatdakı canlı aləmin bizə ötürdüyü enerji, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin sədri, islamşünaslıq elmi üzrə fəlsəfə dokrotu Yeganə Mirzəyeva Allahın nemətləri və insan, şəxsi inkişaf mentoru, Lalə Sadıqova təbiətlə ruhani harmoniya”, bədənin, zehnin və ruhun ahəngi üçün təbii yanaşmalar haqqında, Yoqa terapevt Yana Məmmədova isə təbiətdə düzgün nəfəs almağın həm əhəmiyyəti və qaydaları haqqında tədbir iştirakçılarına əhatəli məlumat vermişlər.
Yekunda Forum iştirakçıları ilə müzakirələr aparılmış və layihənin rəhbəri Nərminə Qəribova “Təbiətdən gələn şəfa!” layihəsinin icrasına göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Forumun təşkilində etdiyi əməkdaşlığa görə “Azərbaycan Botaniklər Cəmiyyəti” İctimai Birliyinə öz təşəkkürünü bildirmişdir.