İsveçrənin Cenevrə şəhərində təşkil olunan Parlament Sədrlərinin Ümumdünya Konfransı çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış etmək üçün tribunaya qalxdığı zaman gözlənilməz etirazla qarşılaşıb. Belə ki, çoxsaylı nümayəndə heyətlərinin üzvləri onun çıxışına etiraz əlaməti olaraq zalı tərk ediblər.
Bizim.Media xəbər verir ki, Matviyenkonun nitqi zamanı baş verən bu hadisə beynəlxalq medianın diqqətini çəkib.
Nümayəndələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə etiraz etdiklərini bu yolla ifadə ediblər. Onların bu hərəkəti, Rusiya rəsmilərinə qarşı beynəlxalq platformalarda artan təcrid siyasətinin bir nümunəsi kimi dəyərləndirilir.
Hadisə zamanı zaldan çıxanlar arasında Avropa İttifaqına üzv ölkələrin, eləcə də bəzi Asiya və Latın Amerikası dövlətlərinin nümayəndələri də olub.
Bəzi müşahidəçilərin sözlərinə görə, nümayəndələrin bu addımı əvvəlcədən razılaşdırılıb və Matviyenkonun çıxışı protokolda öncədən elan olunsa da, iştirakçılar bunu "Rusiya təbliğatına qulaq asmamaq" qərarı ilə cavablandırıblar.
Rusiya tərəfi isə hadisəni qeyri-konstruktiv addım kimi qiymətləndirib. Federasiya Şurasının bəyanatında bildirilib ki, belə davranışlar beynəlxalq dialoqa və parlamentlərarası əməkdaşlığa zərbə vurur.
Bizim.Media