BAKI, 30 iyul. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığının (MMQ) təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının iştirakı ilə MMQ-nin hərbi hissələri arasında cüdo idmanı üzrə birincilik keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən FHN MMQ-nin və Azərbaycan Cüdo Federasiyasının rəhbər şəxsləri Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə ölkəmizdə idmana göstərilən dövlət qayğısından söz açıb, Azərbaycanın regionda, o cümlədən dünyada idman ölkəsi kimi tanındığını bildiriblər.
Yarışda ümumilikdə 9 komandadan 53 idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.
Azərbaycan Cüdo Federasiyasının və MMQ-nin Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən yarışda komanda hesabında birinci yeri Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissə, ikinci yeri Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissə, üçüncü yeri isə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komandası tutub.
Şəxsi göstəricilərə görə idmançılar yeddi çəki dərəcəsi üzrə mübarizə apararaq birinci, ikinci və üçüncü yerə layiq görülüb.
Sonda qaliblərə kubok, medallar və diplomlar təqdim edilib.