Məlum olduğu kimi, Rusiya Federasiyasının şərqində yerləşən Kamçatka Yarımadası yaxınlığında bu gün səhər saatlarında 8,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar təkcə Rusiyada deyil, bütün Sakit Okean hövzəsində güclü panikaya səbəb olub. Hadisədən sonra başda Havay, Yaponiya, ABŞ-nin qərb sahilləri və Cənubi Sakit okean adaları olmaqla bir sıra ölkələrdə sunami xəbərdarlığı edilib.
ABŞ-nin Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin gücünü 8,8 bal olaraq açıqlayıb və dərhal sonra Havay ştatı üçün rəsmi sunami xəbərdarlığı edilib. Həmin xəbərdarlıqdan qısa müddət sonra ilk dalğalar Havay adaları sahillərinə çatıb. Dalğaların 1–3 metr hündürlüyündə olduğu və sahilboyu ərazilərdə hərəkətliliyə səbəb olduğu bildirilir.
ABŞ-nin Fövqəladə Hallar İdarəsi (FEMA) sahil bölgələrində yaşayan vətəndaşlara "Dərhal ərazidən uzaqlaşın" çağırışı edib. Sosial şəbəkə platforması "X" üzərindən yayımlanan açıqlamada təxliyə yollarının dalğa işarələri və yüksəyə doğru yönələn oxlarla göstərildiyi qeyd olunub.
Hazırda xüsusilə Maui adasında böyük miqyaslı təxliyə prosesi müşahidə olunur. Yerli hakimiyyət orqanları sakinləri dağlıq və təhlükəsiz bölgələrə keçməyə çağırır.
AzPolitika.info