"Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesində yaxınlıq var".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Ekspert bildirib ki, xüsusən Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında həm ikitərəfli, həm də nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdən sonra tərəflərin mövqeyində ciddi yaxınlaşma hiss olunmaqdadır:
"Ancaq bir məsələni xüsusilə vurğulamaq lazımdır. Ötənlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər etdi və rusiyalı həmkarı ilə görüşdü. Həmin səfər və görüş çərçivəsində Paşinyanın nisbətən mövqe dəyişikliyinə getməsi ehtimalı çoxdur. Yəni indiki məqamda Rusiyanın Ermənistana təsir imkanları qalmaqdadır”.
Müsahibimiz qeyd edib ki, əslində Azərbaycan və Ermənistan bir müddət başbaşa qalsa, dialoqlar ikitərəfli qaydada davam etsə, məsələ çoxdan həll olunardı. Onun sözlərinə görə, sadəcə olaraq kənar güclərin, bəzi region ölkələrinin prosesə müdaxiləsi yekun sülhü imzalamağa imkan vermir. Böyük güclərin Cənubi Qafqazda öz maraqları var.
Samir Hümbətov: Böyük güclərin Cənubi Qafqazda öz maraqları var
Analitik vurğulayıb ki, əgər iki tərəf arasında razılaşmaları icra etmək və üçüncü tərəflərin prosesə müdaxiləsinin önünü almaq mümkün olacaqsa, sülhü yaxınlaşdırmaq olar:
"Əks təqdirdə proses qeyri-müəyyən zamanadək uzana bilər. Kənar qüvvələr güc balansını dəyişdirməyə cəhd etsələr, Ermənistanın istəyindən asılı olmayaraq, sülhə zərbə vurula bilər. Artıq indidən görürük ki, İrəvan hökuməti üzərində basqılar çoxalmaqdadır. Həm Rusiya, həm də Qərb dövlətlərinin Ermənistan üzərində təzyiqləri formalaşır. Yəni sülhün yubanması Azərbaycanla yox, birbaşa Ermənistanla, İrəvanın həyata keçirdiyi siyasətlə bağlıdır".
Aydın Baxış