Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 2-də baş verib.
Şuşa rayon sakini, 1985-ci il təvəllüdlü Valeh Əsgərov həmin gün, gecə saat 01:30-da yaşadıqları evin qonaq otağında arvadı Zəminə (ad-soyad şərtidir – red.) ilə qısqanclıq zəminində mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə arvadının sifət nahiyyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən V. Əsgərovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurub, onların bu nikahdan iki övladı dünyaya gəlib: “Ailə həyatı qurduqdan sonra bizim münasibətlərimiz yaxşı olmayıb. Qısqanclıq səbəbindən arada bir mübahisələrimiz düşüb. Məlum hadisə günü, gecə saat 01:00-da yaşadığımız evdə olan zaman Zəminə marketdə işlədiyi üçün məndə qısqanclıq hissləri yarandı. Bu səbəbdən də aramızda sözlə mübahisə düşdü. Mübahisə zamanı Zəminə mənə acıqlı cavab verdi. Mən əsəbləşərək onun sifətindən əlim ilə bir zərbə vurdum. Bundan sonra Zəminə baş vermiş hadisə ilə bağlı polisə məlumat verdi. Mən isə evdən çıxaraq uzaqlaşdım. Əməlimdən peşman olmuşam. Zərərçəkmiş şəxslə barışmışam”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə V. Əsgərov 240 saat ictimai işlər cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az