AZ

Ankara-Bakı hərbi oxu: Güclənən əməkdaşlıq - ÖZƏL

Türkiyənin İDEF 2025 sərgisində təqdim etdiyi "Çelik Kubbe" müdafiə sistemi, "Tayfun BLOK-4" ballistik raketi və "HAYALET-2" bunker bombası dünya mediasında böyük marağa səbəb olub. Bu silahların bəzilərinin ABŞ-ın İran obyektlərinə atdığı bombalardan belə dağıdıcı olduğu bildirilir.

Türkiyə və Azərbaycanın hərbi sənayesindəki sürətli inkişaf hər iki ölkənin müdafiə gücünü artırır və xarici asılılığı azaldır. Şuşa Bəyannaməsi fonunda bu silahların gələcəkdə Azərbaycanın arsenalına daxil olması real görünür. 
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar az-a açıqlama verib: 
" Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir və bu, ilk növbədə Qərbi-İsraili həm qorxudur, həm narahat edir, həm də qıcıq doğurur. Amma bir həqiqət var ki, AKP partiyasının hakimiyyətə gəlməsindən əvvəl Türkiyə sözün əsl mənasında bu istiqamətdə sıfır səviyyəsində idi. Rəcəb Tayyib Ərdoğan prezidentlikdən öncə, siyasi arenada yeni bir fiqur kimi, dəfələrlə deyirdi ki, özlərini vətənpərvər adlandıran, xüsusən də Cümhüriyyət Xalq Partiyasının rəhbərlərinə yönəldirdi ki, özlərini türkçü və vətənpərvər sayanlar əllərindən gələnə edirlər ki, Türkiyənin müdafiə qabiliyyəti güclənməsin və ölkənin hərbi sənaye kompleksi ümumiyyətlə yaranmasın. Və illər keçdi, sonra Rəcəb Tayyib Ərdoğan siyasi arenada artıq geniş bir populyarlıq qazandı, pillə-pillə yüksəlişə doğru hərəkətini davam etdirdi və biz gördük ki, onun üçün ölkəsinin maraqları hər şeydən üstündür. O, ilk növbədə Türkiyə ordusunda islahatların keçirilməsinə, sonra hərbi kompleksin güclənməsinə və hərbi sənayinin yaranmasına və inkişafına həm böyük diqqət yetirir, həm də böyük vəsaitləri yönəldir.
Bu, çox vacibdir və təsadüfü deyil ki, həm NATO çərçivəsində Türkiyənin ordusu xüsusi statusa malikdir, digər tərəfdən Aralıq dənizidir, Avrasiya məkanıdır. Bu aralıqda Türkiyə özünəməxsus liderlik mövqeyini etibarlı şəkildə əlində saxlaya bilir. Təbii ki, reallıqlar artıq onu diqtə edir ki, biz Türkiyə ilə birincisi bu istiqamətlərin hamısında yaxın olaq, digər tərəfdən bizim əməkdaşlığımız ildən-ilə güclənsin, sonra yeni hərbi texnologiyaların mənimsənilməsində, sonra onların ümumiyyətlə istehsalında da Azərbaycan özünün payını alsın.
Biz, əlbəttə, Türkiyəyə inanırıq, bizim birincisi müttəfiqimizdir, sonra qardaş dövlətdir.
Bu baxımdan da elə hesab edirəm ki, hər halda Azərbaycanın özünün artıq hərbi sənaye kompleksi var, o da inkişaf etməkdədir, biz xeyli çeşiddə artıq istehsal etdiyimiz silah növlərini, texnologiyaları həm də ixraca göndəririk, bu da ölkəmizin ixrac potensialını, büdcəmizə gələn valyuta ehtiyatlarını artırır. Bu, çox vacib məsələdir, çünki biz həqiqətən də elə bir strateji vacib, əvəzolunmaz bir bölgədə qərar tuturuq ki, özümüzü etibarlı şəkildə müdafiə etməliyik və təhdidlər var, bu sirr deyil. Yəni, müxtəlif yerlərdə, müxtəlif istiqamətlərdə biz həm də çağırışları qarşılaya bilirik. İkinci Qarabağ müharibəsində ki, Azərbaycan artıq yeni 21-ci əsr müharibəsinin etalonunu ortaya qoydu, bütün dünya gördü ki, bəli, biz erməni işğalından sonra Prezident Heydər Əliyev və Prezident İlham Əliyevin fəallığı, təşəbbüskarlığı nəticəsində həm hərbi büdcəmizi artırdıq, həm də ordu quruculuğuna, müdafiə potensialımızın güclənməsinə diqqət yetirdik. Biz o strateji xətt üzrə demək olar ki, qısa zaman kəsiyində çox böyük, həcmli, miqyaslı işlərin reallaşmasına nail olduq. Ona görə də bizim əldə etdiyimiz qələbə möhtəşəmdir. Digər tərəfdən də o qələbənin xüsusunda biz həm də yeni nailiyyətlər əldə edə bilirik. İlk növbədə birincisi bizim intelektual potensialımız, sonra insan kapitalımız gərək bu sahədə özünü fəal nümayiş etdirsin, özünü gərək fədakarlıqla təsdiq etsin və bunun üçün də əlbəttə bizim imkanlarımız var.
Çox təəssüf və təəcüb doğuranı odur ki, bəzi bizim güclü kadrlarımız, milli kadrlarımız ki, Azərbaycanın iştirakı ilə həm bizdə, həm də xaricdə oxumuşdur, onlar yavaş-yavaş ölkəni tərk etdilər və xarici ölkələrdə çox vacib mövqələrdə fəaliyyət göstərirlər. Yəni, mən elə başa düşürəm ki, ölkəmizin, dövlətimizin, hökumətimizin bütün imkanları var ki, o cavanlarımızı, o unikal bacarıqlara malik kadrlarımızı geri qaytarsınlar. Onlar üçün müvafiq şəraiti yaratsınlar ki, onlar ölkənin maraqlarına qulluq etsinlər, ölkəmizin güclənməsinə öz paylarını versinlər.
Türkiyə qlobal cənub səviyyəsində deyil, qlobal şimal səviyyəsində də bir çox ölkələri üstələyir sözü gedən istiqamətlərdə. Mənə elə gəlir ki, burada ilk növbədə deyilə bilər ki, biz Türkiyədəki intellektual insanları, cavanları, sonra orta yaşlı bizim və onların mütəxəssislərinin potensialı hesabına artıq yeni tapıntıları işləyib ortaya çıxara bilərik.
Təbii, bunun üçün ilk növbədə ölkənin konsepsiyası olmalıdır və biz bilirik ki, Azərbaycanın birinci milli tərkibinin konsepsiyası var, digər tərəfdən Prezident İlham Əliyevin özünün doktrinası var və biz bu məsələyə həmişə böyük önəm vermişik və verəcəyik də. Və bu, müvəqqəti bir məsələ deyil və ildən ilə bunun dərinliyi də artmalıdır, böyüməlidir, yəni maliyyə tutumu da artıq böyüməlidir. Bu, təbii bir şeydir, çünki bu texnologiyalar hamısı baha başa gələn texnologiyalardır. Bunların bəzilərini biz xaricdən alırıq, bəzilərini də özümüz istifadə edirik və eləyəcəyik də, ona görə də burada öz araşdırmalarımızı, nəzəri, praktiki və tədbiqi bacarıqlarımızı da artırmalıyıq.
Bunun üçün bütün imkanlarımız var və biz görürük ki, Dövlət başçısı bu istiqamətdə çox aydın və pragmatik bir mövqeyə sahibdir, bütün proseslərin təmin olunmasını öz üzərinə götürüb və gözləntilər də bu istiqamətdə hamısı özünü doğruldur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr