AZ

Türkiyədə mənzil və mağaza inşası ilə bağlı tender elan edilib

BAKI, TurkicWorld

Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəqli 2025-ci il 2 avqust tarixindən etibarən rəsmi olaraq başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

Nazir bildirib ki, qaz təchizatının həyata keçirilməsi üçün Azərbaycanla “swap” mexanizmi əsasında razılaşma imzalanıb.

“2 avqustdan etibarən Azərbaycan qazını Türkiyənin Kilis bölgəsi vasitəsilə Suriyaya ixrac etməyə başlayacağıq. Bu təminat Azərbaycanla əldə edilmiş xüsusi razılaşma çərçivəsində həyata keçiriləcək” – deyə Bayraktar vurğulayıb.

Nazirin sözlərinə görə, layihə çərçivəsində Türkiyə ərazisində Suriyaya qədər uzanan qaz kəməri tikilib və artıq tam istifadəyə hazırdır. Eyni zamanda, Suriya tərəfində də qəbul infrastrukturu tam şəkildə qurulub.

Nazir Bayraktar əlavə edib ki, Suriyaya ötürüləcək Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalında istifadə olunacaq. Layihə çərçivəsində gündəlik 6 milyon kub metr qaz təchiz olunacaq ki, bu da 1200 MVt gücündə elektrik enerjisi istehsalına imkan verəcək.

Bayraktar bildirib ki, əlavə olaraq Türkiyədən Suriyaya 500 MVt gücündə elektrik enerjisi də ixrac olunacaq. Bu da Suriyada vətəndaşların elektrik enerjisi ilə təminat saatlarını hazırkı gündəlik 3–4 saatdan 10 saata qədər artıracaq.

Bu təşəbbüs Azərbaycan təbii qazının yeni bazarlara çıxarılması, Türkiyənin regional enerji tranzit mərkəzi rolunun gücləndirilməsi və Suriyanın enerji ehtiyaclarının regional əməkdaşlıq çərçivəsində təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Seçilən
25
turkic.world

1Mənbələr