AZ

Ana dili hər bir xalqın milli kimliyinin təməl daşıdır




Ana dili hər bir xalqın milli kimliyinin təməl daşı, onun varlığının və mənəvi zənginliyinin əsas ifadə formasıdır
Ana dili hər bir xalqın milli kimliyinin təməl daşı, onun varlığının və mənəvi zənginliyinin əsas ifadə formasıdır. Tarix boyu bir çox xalqlar məhz dil sayəsində öz mədəniyyətini, adət-ənənələrini və milli dəyərlərini nəsildən-nəslə ötürə bilmişdir. Azərbaycan xalqı üçün də ana dili yalnız ünsiyyət vasitəsi deyil, milli özünüdərkin, dövlət müstəqilliyinin və milli birliyin simvoludur. Bu baxımdan, Azərbaycan dilinin qorunması və inkişafı ölkə siyasətində daim prioritet olmuşdur.
Milli kimlik, xalqın özünəməxsusluğunu formalaşdıran başlıca ünsürdür və bu kimliyin ən parlaq ifadə vasitəsi dildir. Azərbaycan dili əsrlər boyu xalqımızın düşüncə tərzini, dünyagörüşünü, mənəvi dəyərlərini ifadə etmişdir. Dilimizin zənginliyi, poetikliyi və tarixi dərinliyi onu yalnız bir ünsiyyət vasitəsi yox, həm də milli qürur mənbəyinə çevirmişdir.
Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, dilini sevən xalq heç vaxt məhv olmaz. Bu fikir bir daha göstərir ki, dilin qorunması yalnız mədəni və elmi məsələ deyil, həm də milli təhlükəsizlik, milli identiklik məsələsidir.
Ulu Öndər Heydər Əliyevin dil siyasəti bu sahədə atılmış mühüm tarixi addımlarla yadda qalmışdır. O, 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra milli-mənəvi dəyərlərin qorunması istiqamətində ardıcıl işlər görməyə başladı. BDU-nun 50 illiyində Azərbaycan dilində etdiyi cəsarətli çıxış sovet senzurasına qarşı atılmış simvolik bir addım idi. Bu nitq, milli ruhun oyadılması, dilə hörmətin artırılması üçün dönüm nöqtəsi oldu.
1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddənin daxil edilməsi Heydər Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. O, dilimizin yalnız danışıq səviyyəsində deyil, hüquqi və rəsmi statusda da möhkəmlənməsinə nail oldu.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ana dilimizin inkişafı yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu sənədin qəbulu ilə dilimizin rəsmi statusu bir daha hüquqi müstəvidə möhkəmləndirildi.
Prezident İlham Əliyev də ana dilimizin qorunması və təbliği işində Ulu Öndərin siyasi xəttini davam etdirərək çoxsaylı sərəncam və fərmanlar imzalamışdır. Xüsusilə, 2001-ci ildən etibarən 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması ana dilimizə verilən dəyərin bariz nümunəsidir.
Qloballaşma dövründə bir çox kiçik xalqların dilləri assimilyasiya təhlükəsi ilə üzləşir. Bu proses Azərbaycan dili üçün də müəyyən risklər yaradır. Lakin dövlətin apardığı məqsədyönlü dil siyasəti sayəsində bu təhlükələrin qarşısı vaxtında alınır. 2013-cü ildə təsdiqlənən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” bu sahədə həyata keçirilən ən vacib sənədlərdən biridir.
Dilin yalnız qorunması deyil, həm də zənginləşdirilməsi və müasir texnologiyalara inteqrasiyası əsas hədəfdir. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin elektron məkanda geniş istifadəsinin təmin edilməsi haqqında” sərəncam bu istiqamətdə atılmış önəmli addımdır.
Dilin qorunmasında yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Gündəlik həyatda dilin düzgün işlədilməsi, təhrif olunmaması, xüsusilə gənc nəslin ana dilinə sevgi ilə yetişdirilməsi olduqca vacibdir. Məktəblərdə, universitetlərdə, mediada və ailədə ana dilinə qayğı və hörmət göstərilməsi onun gələcək nəsillərə sağlam şəkildə ötürülməsini təmin edəcəkdir.
Ana dilimiz – Azərbaycan dili, sadəcə ünsiyyət vasitəsi deyil, milli ruhumuzun, kimliyimizin, tariximizin və gələcəyimizin daşıyıcısıdır. Onun qorunması və inkişafı həm dövlət, həm də cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dil siyasəti bu müqəddəs dəyərin qorunması üçün möhkəm zəmin yaratmışdır. Bu siyasətin davamlı olaraq həyata keçirilməsi, vətəndaşların da bu prosesə fəal şəkildə qoşulması milli varlığımızın təminatıdır.
Yeni Azərbaycan Partiyasının fəalı Həsənzadə Səkinəxanım
Seçilən
20
newscenter.az

1Mənbələr