Bakı, 30 iyul, AZƏRTAC
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin Çağrı Mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər: “Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.
2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.