Fələstinin tanıması Avropanın ABŞ-dən asılı olmayan müstəqil geopolitik mərkəz olma iddialarından qaynaqlanır
Fələstin məsələsi beynəlxalq gündəmdə daha da aktuallaşır. Son aylarda Avropanın bir sıra dövlətləri ardıcıl olaraq Fələstinin müstəqilliyini tanıyacaqlarını bəyan edir. Bu təşəbbüsün sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində reallaşması gözlənilir.
Böyük Britaniyanın Baş naziri Keir Starmerin ofisi bəyan edib ki, əgər İsrail qarşısına qoyulan tələbləri yerinə yetirməzsə, London BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacaq. Rəsmi açıqlamada vurğulanır: “İsrail üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətinin müstəqilliyini tanıyacağıq".
Oxşar mövqe Fransadan da gəlib. Prezident Emmanuel Makron bəyan edib ki, Fransa sentyabr sessiyasında Fələstin dövlətini tanımağa hazırlaşır. O, sosial şəbəkədə yayımladığı açıqlamasında bildirib: “Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalan Fransa Fələstin dövlətini tanıyır.”
Maraqlıdır ki, bu qərarların ardıcıllığı təkcə sülh təşəbbüsü kimi deyil, həm də ABŞ-a verilən diplomatik mesaj kimi dəyərləndirilir. Avropa ölkələrinin bu yöndə atdığı addımlar, bir növ, ABŞ-ın İsrailə qarşı balanssız dəstəyinə qarşı alternativ mövqe formalaşdırmaq niyyətini ortaya qoyur.
Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Fələstin məsələsi son iki ildə Avropa ölkələrinin gündəmində mühüm yer tutur:

"Xüsusilə, Fələstinin müstəqil dövlət kimi tanınması məsələsi getdikcə daha da aktuallaşır. 2023-cü ilin 7 oktyabrında başlayan münaqişədən sonra Avropanın bir sıra ölkələri, o cümlədən İspaniya, Norveç və İrlandiya Fələstini dövlət kimi tanıdı. Bunun ardınca Fransa da bu istiqamətdə addım atacağını bəyan edib. Böyük Britaniyada da bu məsələ ilə bağlı müəyyən təşəbbüslərin görülməsi gözlənilir. Hələlik dəqiq tarix açıqlanmasa da, belə bir qərarın veriləcəyi ilə bağlı ciddi siqnallar var. Bu proses İsrail tərəfindən narazılıqla qarşılanır. ABŞ-nin hazırkı administrasiyası da İsrailin tərəfdaşı kimi bu məsələni birmənalı qarşılamaya bilər. Bununla belə, ABŞ-nin bu məsələyə görə Avropa ölkələrinə ciddi təzyiqlər göstərəcəyini düşünmürəm. Donald Tramp ilə Benyamin Netanyahu arasında münasibətlər nə qədər isti olsa da, hazırda İsrailin yürütdüyü siyasət ABŞ-ın və xüsusilə Trampın maraqlarına tam uyğun gəlmir. Bu baxımdan, Tramp bu vəziyyətdən İsrailə təzyiq vasitəsi kimi istifadə etməyə çalışa bilər".
Analitik əlavə edib ki, Yaxın və Orta Şərqdə gərginliyin aradan qaldırılması üçün Fələstin məsələsinin beynəlxalq hüquqa uyğun şəkildə həlli vacibdir:
"Nə qədər ki, bu problem öz həllini tapmayıb və beynəlxalq hüququn tələbləri yerinə yetirilmir, bölgədə gərginliyin davam edəcəyi ehtimal olunur. Sözügedən dövlətlərin Fələstini tanıması isə müəyyən qədər Avropanın ABŞ-dən asılı olmayan müstəqil geopolitik mərkəz olma iddialarından qaynaqlana bilər".