Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan normallaşma prosesində müsbət mənada böyük dönüş nöqtəsi olsa da, lakin görünən budur ki, bu dönüş nöqtəsinin sorağı və Bakı ilə İrəvanın real sülh mesajları Avropanın bəzi ölkələrinin, xüsusən də Fransa və İsveçrənin siyasi elitalarına hələ gedib çatmayıb. Bu gün Azərbaycan Ermənistana həm dayanıqlı sülh, həm də geniş regional əməkdaşlıq təklif edir. Ermənistan tərəfi də artıq bu təkliflərə konstruktiv yanaşmağa başlayıb. Lakin Fransa parlamentinin (Milli Assambleya) bəzi üzvləri, xüsusən də Ermənistanla dostluq qrupuna daxil olan şəxslər və eləcə də erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən, onların sifarişlərini həyata keçirən isveçrəli deputatlar (İsveçrənin qanunverici orqanında təmsil olunan, Xristian Demokratik Xalq Partiyasından olan 19 nəfərlik qrupun üzvləri) son vaxtlarda Bakı ilə əldə edilmiş razılaşmaları pozmağa, regionda sülh prosesinə mane olmağa hesablanmış təxribatçı təşəbbüslərlə çıxış edirlər.
Belə ki, iyulun 22-də Fransa Milli Assambleyasında “Sağ Respublikaçılar” qrupunun rəhbəri, Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokyenin təşəbbüsü ilə “Ermənistanla strateji tərəfdaşlıq” adı altında növbəti dəfə anti-Azərbaycan xarakterli qətnamə irəli sürülüb. İsveçrə parlamentindəki Xristian Demokratik Xalq Partiyasından olan 19 nəfərlik qrup isə “ermənilərin Qarabağa qayıtmasına dəstək komitəsi” yaradaraq onu “İsveçrə Sülh Təşəbbüsü” adlandırıblar. Eyni zamanda, onlar dini təəssübkeşlik hissləri üzərindən ermənilərə dəstək məqsədilə müxtəlif xristian təşkilatları ilə geniş əlaqələr qurublar. Bu təşkilatların arasında Beynəlxalq Xristian Həmrəyliyi (BXH) adlı avantürist-təxribatçı təşkilat da var. Həmin təşkilat “120 min erməninin Qarabağdan qovulması” və “etnik təmizləmə” iddiaları ilə çıxış edərək Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmağa çalışır.
Sözügedən fransız və isveçrəli deputatları, ictimai fəalları Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması əsla maraqlandırmır. Hərçənd ki, Fransa–Ermənistan dostluq qrupunun rəhbəri Loran Vokyen və onun müavini Aleksandr Martenin təşəbbüsü ilə Milli Assambleyada irəli sürülən məlum qətnamə üzdə “sülh səylərinə dəstək” adı ilə təqdim olunsa da, lakin bu, sadəcə kamuflyaj və siyasi manipulyasiyadır. Onlar saxta "sülhpərvər"lik görüntüsü yaradırlar. Əsl həqiqətdə isə qətnamənin mətnindəki təxribatçı ifadələr və çağırışlar fransız parlamentarilərin gerçək niyyətlərini üzə çıxarır. Onların məqsədi regionda yaranmış yeni reallıqları pozmaq, Ermənistanı sülhdən çəkindirmək, Azərbaycanı isə beynəlxalq aləmdə təcrid etməyə nail olmaqdır.
Eyni sözləri İsveçrə parlamentarilərinin dırnaqarası "sülh təşəbbüsü" haqqında da demək mümkündür. Həmin “sülh təşəbbüsü”nün birbaşa erməni lobbisinin diktəsi ilə hazırlandığı qətiyyən şübhə doğurmur. Bu gün Cənubi Qafqaza sülhün gəlişi erməni lobbisinə sərf eləmir. Ona görə də isveçrəli parlamentarilər bilavasitə erməni lobbisinin sifarişi ilə "sülh təşəbbüsü" kimi aldadıcı bir ad altında anti-sülh layihəsi ilə çıxış ediblər. Bu, açıq-aşkar manipulyasiyadır və həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb.
Beləliklə, bu gün fransalı və isveçrəli deputatlar erməni lobbisinin əlaltılarına çevriliblər. Onların bir çoxu hətta bəlkə də xəritədə Cənubi Qafqazın harada yerləşdiyini də düz əməlli bilmirlər. Bu cür siyasi dəllalar üçün xalqların taleyi və sülh perspektivləri yox, yalnız öz şəxsi mənafeləri, keçici siyasi maraqları önəmlidir. Məhz bunun nəticəsidir ki, belə təşəbbüslər və qətnamələrin reallıqla heç bir əlaqəsi yoxdur. Fransa və İsveçrə parlamentariləri sülh prosesini təşviq etmək yox, sülhü pozmaq tapşırığını yerinə yetirirlər. Erməni lobbisi Qərb siyasətçilərini sülhün düşməni rolunda çıxış etməyə məcbur edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri