"Azərbaycan dövləti, Azərbaycan diaspor təşkilatlarının xarici ölkələrdə daha effektiv fəaliyyət göstərməsi üçün bütün mümkün imkanlardan istifadə edir. Hətta, Azərbaycanda bu sahəyə aid xüsusi bir qurum da mövcuddur. Bu qurum diaspor təşkilatlarının fəaliyyətini koordinasiya edir, onların ehtiyaclarını və fəaliyyət istiqamətlərini ciddi şəkildə müəyyənləşdirir və dəstək göstərir".
Bu sözləri Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
O, açıqlamasında qeyd edib ki, burada önəmli məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan diaspor təşkilatlarının dövlətlə koordinasiyalı şəkildə beynəlxalq müstəvidə fəaliyyət göstərməsi tamamilə normal haldır:
"Əsas məsələ odur ki, Azərbaycan diaspor təşkilatları əslində yalnız Azərbaycan dövlətindən dəstək və yardım gözləməməlidir. Onlar öz təbliğat və dəstək fəaliyyətlərini daha təşəbbüskar formada qurmağa çalışmalıdırlar.
Bu baxımdan nümunələr mövcuddur. Dünyada bir çox diaspor təşkilatları, o cümlədən erməni diaspor təşkilatları, Ermənistandan ciddi dəstək almadan fəaliyyət göstərir və əksinə, Ermənistana dəstək olurlar".
Politoloq onu da vurğuladı ki, ümumilikdə götürdükdə, diaspor təşkilatları artıq fəaliyyət standartlarını müəyyənləşdirməli və Azərbaycana faydalı təbliğatın, eyni zamanda fəaliyyətin tənzimlənməsi üçün konkret proqram və layihələr üzərində işləməlidirlər:
"Əgər bu məsələlər yalnız Azərbaycanın dəstəyi və dövlətin maliyyəsi ilə həll edilməyə çalışılarsa, bu, bir qədər çətin ola bilər.
Doğrudur, Azərbaycan dövlətinin bu sahədə kifayət qədər resursları mövcuddur və bu proseslər maksimum səviyyədə dövlət tərəfindən istiqamətləndirilir və dəstəklənir. Lakin Azərbaycan diaspor təşkilatlarının təşəbbüskar olması və fəaliyyət göstərdikləri ölkələrdə siyasi və iqtisadi sistemdə təsirli mövqelərə sahib olması daha effektiv fəaliyyət üçün vacibdir.
Bu istiqamətdə diaspor təşkilatları təcrübə topladıqca, müəyyən effektiv və pozitiv irəliləyişlərin müşahidə olunacağı gözlənilir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna uyğun olaraq dərc edilir.