“Məktəbəqədər təhsilin keyfiyyətinin artırılması Agentliyin əsas prioritet istiqamətlərindən biridir”.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, 0–5 yaş arası dövrdə uşaqlarda gələcək inkişaf üçün vacib bacarıq və vərdişlər formalaşır:
“Bu səbəbdən pedaqoji heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Bu il 3500 nəfər pedaqoji heyətin təlimlərə cəlbolunması planlaşdırılır. İndiyədək ümumilikdə 10 000 nəfər bu təlimlərdə iştirak edib.
“Məktəbəqədər təhsil liderlik proqramı” uğurla həyata keçirilib. Pedaqoji liderlik və idarəetmə sahələrini əhatə edən 5 modul üzrə keçirilən proqramı 100 nəfər tamamlayıb. Onların təxminən yarısı hal-hazırda müdir və metodist kimi fəaliyyət göstərir. 2024-cü ilin oktyabr ayında məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmədə 11 200 nəfər iştirak edib. Onların 56%-i 30 və daha yüksək bal toplayıb. Bu nəticələr əsasında təlim proqramlarının məzmununda yeniliklər planlaşdırılır”.
İ.Rəsulovanın sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin sertifikatlaşdırılması prioritetist iqamətlərdən və tədrisin keyfiyyətinin qiymətləndirilməsi baxımdan əsas meyarlardan biridir. 2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur.
Firuzə Əliyeva
Sfera.az