AZ

Bu dahi 1 milyard dollarlıq maaş təklifini rədd etdi 

Ulusal.az xəbər verir ki, “Meta” şirkətinin qurucusu Mark Zukerberqin ABŞ-ın texnologiya mərkəzi olan Silikon Vadisində istedadlı süni intellekt (AI) mütəxəssisləri uğrunda başladığı yarış yeni mərhələyə keçib. Bildirilir ki, Zukerberq “Thinking Machines” adlı startapın əməkdaşlarını cəlb etmək üçün onlara yüzmilyonlarla dollar dəyərində əmək haqqı təklif edib. Hətta bir təklifin ümumi dəyəri 1 milyard dollar (təxminən 1.7 milyard manat) olub.

Bu barədə “Wired” nəşrində yayımlanan məlumata görə, bəzi təkliflər 4 il üçün 200-500 milyon dollar aralığında dəyişib. İlkin mərhələdə əməkdaşlara 50-100 milyon dollar arasında bonuslar da vəd olunub. Lakin indiyədək bu startapın heç bir əməkdaşı Meta-nın təkliflərini qəbul etməyib.

Meta isə yayılan məlumatları qismən təkzib edib. Şirkət yalnız “bir neçə nəfərə” təklif göndərdiyini və həmin yüksək məbləğlərin reallığı tam əks etdirmədiyini bildirib.

“Thinking Machines” şirkətinə 36 yaşlı Mira Murati rəhbərlik edir. O, daha əvvəl OpenAI-də çalışıb və hazırda texnologiya dünyasının nüfuzlu qadın liderlərindən biri kimi tanınır. Şirkət bir məhsulu belə olmadan keçən ay 12 milyard dollar dəyərində qiymətləndirilərək 2 milyard dollar investisiya cəlb edib.

Mark Zukerberq süni intellekt sahəsində yeni “superintellekt” laboratoriyası qurmaq üçün şəxsi səylərlə onlarla alim və proqramçıya WhatsApp üzərindən fərdi mesajlar yazaraq yüksək maaşlar təklif edir. O, artıq bu məqsədlə 50-dən çox mütəxəssisi Meta-ya cəlb edib.

Meta eyni zamanda süni intellekt sahəsindəki potensialı artırmaq üçün milyardlarla dollarlıq məlumat mərkəzləri inşa edir. Bu texnologiyalarla həm iqtisadiyyatda, həm də cəmiyyətdə inqilabi dəyişikliklər ediləcəyi iddia olunur.

Xatırladaq ki, Zukerberq bir müddət əvvəl “Scale AI” şirkətinin qurucusu Aleksandr Vanqla da 14.3 milyard dollarlıq müqavilə imzalayıb və onu Meta-nın AI komandasına rəhbərlik etməyə dəvət edib.

Bu hadisələr, texnoloji nəhənglər arasında süni intellekt sahəsində qızğın bir istedad müharibəsinin getdiyini göstərir.

Seçilən
19
moderator.az

1Mənbələr