"Ailə Dünyası” İctimai Birliyinin sədri Gülayə Səfərova 30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibətilə QHT.az -a açıqlama verib.
Onun sözlərinə görə, bu günün qeyd olunması BMT Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən həyata keçirilir və əsas məqsəd insan alveri haqqında məlumatlılığın artırılması və beynəlxalq ictimaiyyətin diqqətinin bu qlobal problemə yönəldilməsidir:
"Hər il dünyada minlərlə insanlar insan alverinin qurbanına çevrilir. qadınlar, uşaqlar, kişilər- heç bir yaş və cins bu təhlükədən sığortalanmayıb. İnsan alveri insan ləyaqətının və azadlığının ən amansız şəkildə tapdalanmasıdır. Ölkəmizdə insan alverinin qarşısının alınması, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası, insan alverinin profilaktikasında mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işi, qanunsuz miqrasiyanın, uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin monitorinqi, xarici dövlətlərə əmək fəaliyyəti ilə, təhsillə və ailə qurmaq məqsədilə gedən şəxslərin və ölkəmizə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması istiqamətində hal-hazırda çox mühüm işlər həyata keçirilməkdədir. Eyni zamanda İnsan alverinin qarşısının alınması ilə bağlı bizim də verdiyimiz təkliflər nəzərə alınmaqla İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi İnsan alveri qurbanlarının müəyyən edilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin işlənib hazırlanması, insan alveri qurbanlarının, xüsusən uşaq qurbanların müəyyən edilməsi indikatorlarının təkmilləşdirilməsi sahəsində də işlər görülər".
Gülayə Səfərova QHT-lərin rolunu da yüksək qiymətləndirərək bildirib ki, indiyədək həyata keçirdikləri maarifləndirmə və təbliğat tədbirləri, potensial qurbanların məlumatlandırılması, hüquqi və sosial dəstək göstərilməsi insan alverinə qarşı mübarizədə mühüm rol oynayıb.
"İnsan alverinin qarşısını almağın yolu – məlumatlı olmaq, susmamaq və birgə mübarizə aparmaqdır. Hər kəsi bu mübarizəyə səsləyirəm".
Pərvanə Fərhadqızı