AZ

İxtisas seçimi necə aparılmalıdır?- Ekspertdən vacib xəbərdarlıq

Bəzən ixtisasla bağlı səhv verilən qərar həyatımızı dəyişir, bəzən  illərimizi əlimizdən alır. Bəs ixtisas seçimlərində nələrə diqqət etmək lazımdır?
Bu barədə Moderator.az-a danışan  təhsil eksperti Elmin Nuri bildirib ki, işiylə əlaqədar olaraq bir çox universitetlərdə olur. Onun sözlərinə görə, universitetlərimizin əksəriyyətində tələbələrin xoşbəxt olmadığını görür:
“Onların gözlərində bir işıq yoxdur. Məncə, bunun əsas səbəblərindən biri onların istədikləri yerdə və ixtisasda olmamalarıdır. Bu, təkcə mənim müşahidəm deyil – bir az araşdırma aparsanız, bu problemin nə qədər geniş yayılmış olduğunu siz də görərsiniz.
Tələbə istədiyi mühitdə, sevdiyi ixtisasda və arzuladığı hədəfə doğru addımlamırsa, o, heç vaxt həqiqətən xoşbəxt ola bilməz. Bəzən elə hallar olur ki, tələbə adını almaqdansa, ümumiyyətlə ixtisas seçməməsi daha yaxşı olardı. Mən hər zaman demişəm: düzgün ixtisas seçimi – abituriyentin sadəcə universitetə qəbul olunması deyil. Bu prosesin çətin hissəsi elə də bu deyil. Ən əsas məsələ – gəncin hədəfinin dəqiq müəyyən olunmasıdır.
Doğrudur, elə abituriyentlər var ki, topladığı bal o qədər aşağıdır ki, onun üçün əsas olan yalnız tələbə adına sahib olmaqdır. Hədəf, universitet, ixtisas – bunlar ona maraqlı deyil. Onun üçün əsas məsələ “tələbə” adını almaq və bununla kifayətlənməkdir.
Amma müəyyən bal toplayan gənclər öz nəticələrini mütləq şəkildə şəxsi hədəfləri ilə əlaqələndirməlidirlər. İxtisas seçimi bu yanaşma üzərində qurulmalıdır. Mən ixtisas seçimini üç mərhələyə bölürəm və bu mərhələləri üç əsas prinsip əsasında qururam:
1-ci prinsip: Topladığı bala uyğun olaraq abituriyentin qəbul şansının yüksəldilməsi.
2-ci prinsip: Abituriyentin şəxsi hədəfinin və maraqlarının əsas götürülməsi.
3-cü prinsip: Gələcəkdə həmin ixtisas üzrə əmək bazarında mövcud imkanların və perspektivlərin nəzərə alınması.
Doğru ixtisas seçiminin yalnız bal əsasında deyil, daha geniş və düşünülmüş yanaşma ilə edilməsi vacibdir. Təəssüf ki, bizdə bu məsələyə yanaşmada ciddi boşluqlar var”.
 
Təhsil ekspertinin fikirincə, abituriyentin yalnız qəbul olub tələbə adını qazanması onun gələcək məmnunluğunu təmin etmir. Bəli, birinci ay bir növ eyforiya dövrü yaşanır:
“Gənc artıq "tələbə" adını qazanıb, yeni bir mərhələyə qədəm qoyub. Bu, təbiidir. Lakin bir müddət keçəndən sonra – təhsil mühitinə və reallığa tam uyğunlaşdıqda – həmin eyforiya yox olur. Gənc özünü real həyatla üz-üzə görür və anlamağa başlayır ki, əslində o, istədiyi məkanda və ixtisasda deyil. Bu zaman məyusluq başlayır.
İkinci mərhələ – tələbənin məmnunluğudur. Əgər o, həqiqətən sevdiyi ixtisasda, maraq göstərdiyi sahədə təhsil alırsa, bu zaman onun təhsil müddəti daha səmərəli və uğurlu olur. Amma təəssüf ki, bir çox hallarda tələbə düşünür ki, “təki universitetə daxil olum, dörd ili birtəhər oxuyaram, sonra baxarıq”. Bu yanaşma onun nə təhsil həyatında, nə də sonrakı karyera planlarında aydınlıq yaradır.
Üçüncü prinsip isə – ixtisas seçiminin əmək bazarına uyğunluğudur. Seçdiyimiz ixtisas gələcəkdə əmək dünyasında nə qədər keçərlidir? Hansı bacarıqları və bilikləri tələb edir? Tələbə bu sahədə özünü faydalı və perspektivli görə bilirmi? Bu suallara cavab verilmədən edilən ixtisas seçimi, təəssüf ki, zaman və resurs itkisindən başqa bir şey deyil.
Ən acınacaqlısı isə odur ki, bu vacib qərar – yəni ixtisas seçimi – bir çox hallarda müəllimlərin və repetitorların tövsiyəsi ilə edilir. Onlar, adətən, bu sahədə heç bir statistik məlumat, əmək bazarına dair analiz və ya universitetlərin tədris keyfiyyətinə dair bilgi olmadan yalnız toplanan bala əsaslanaraq seçim edirlər. Bu seçimlər bəzən yalnız repetitorluqdan gələn qazanca xidmət edir, lakin şagirdin gələcəyinə yox.
Bir ixtisas seçimi yalnız “tələbə olmaq” üçün edilməməlidir. Bu seçim:
Tələbənin real balı ilə uyumlu olmalı;
Şəxsi hədəf və maraqlarına uyğun gəlməli;
Əmək bazarında keçərli və perspektivli sahə olmalıdır.
Bu prinsiplər nəzərə alınmadan verilən qərarlar, son nəticədə nə tələbə üçün, nə də cəmiyyət üçün faydalı olmur. Bu isə şəxsən mənim fikrimcə, qətiyyən qəbulolunan bir vəziyyət deyil. Əksinə, bu, olduqca acınacaqlı bir haldır”.
 
E.Nuri qeyd edib ki, bugünkü reallıqda, təəssüf ki, “TikTok”, “Instagram” kimi sosial platformalar üzərindən təhsilə heç bir aidiyyəti olmayan, təhsillə bağlı fundamental bilgiləri belə olmayan şəxslər abituriyentlər üçün ixtisas seçimi aparırlar:
Bu, kökündən səhv bir yanaşmadır. Ən ağrılı məqam isə odur ki, bu proses cəmiyyət tərəfindən getdikcə normal qəbul edilməyə başlayır. Halbuki ixtisas seçimi elə bir məsələdir ki, burada mütləq şəkildə peşəkar təhsil mütəxəssisləri, ixtisaslaşmış karyera məsləhətçiləri iştirak etməlidir. Onlar həm universitetlərin tədris keyfiyyəti, həm də əmək bazarının tələbləri ilə bağlı ciddi məlumat və analitik bazaya sahib olmalıdırlar. Çünki ixtisas seçimi yalnız bugünün deyil, bir gəncin sabahının da bünövrəsidir.
Təəssüf ki, bu cür ciddi məsələ indi yalnız topladığı bala əsaslanaraq texniki seçim edən şəxslərə və ya repetitorlara etibar olunur. Onların əksəriyyətinin isə nə əmək bazarının aktual tələbləri, nə də universitetlərin real göstəriciləri ilə bağlı dolğun məlumatı var. Onlar üçün əsas kriteriya — “uşağın balı hansı ixtisasa çatırsa, ora da yazılsın” prinsipi ilə seçim etməkdir. Bu isə gələcəkdə tələbənin məmnuniyyətsizliyinə, ixtisasından soyumasına və nəticədə peşəkar mühitə hazırlıqsız daxil olmasına gətirib çıxarır.
Bu səbəbdən mən bütün abituriyentlərə və valideynlərə səslənirəm:
1. Hər şouya, hər reklama inanmayın. Təhsildən uzaq, amma sosial mediada tanınmış insanların təkliflərinə diqqətlə yanaşın.
2. İxtisas seçimi zamanı yalnız balınızı deyil, həm də şəxsi hədəflərinizi, maraqlarınızı və gələcək planlarınızı əsas götürün.
3. Sizə ixtisas seçimi edən şəxslər, sizin hədəflərinizi anlayırmı? Sizin gələcəyiniz haqqında düşünürmü? Bu çox önəmli sualdır. Əgər ixtisas seçimini edən şəxs yalnız “plan yeri” əsasında seçim edir, sizin maraqlarınızı nəzərə almırsa, ondan uzaq durmaq lazımdır.
Unutmayın: ixtisas seçimi bir tələbənin təhsil həyatının başlanğıcı deyil, onun gələcək peşə həyatının əsas təməllərindən biridir. Bu qərar ciddi, düşünülmüş və peşəkar yanaşma tələb edir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
28
moderator.az

1Mənbələr