Fatiq (əslində Fateh) bulağına çatanda böyük bir canlanma vardı. Müxtəlif bölgələrdən gələn qonaqlar təbiətin möcüzəsinə heyranlıqla tamaşa edirdi. Dağın sinəsindən çağlayan şəlalələr dərəyə nəğmə qoşmaqda idi. İnsanların səsi şırıltıya qarışıb yox olurdu. Sərt və məğrur qayalar bənzərsiz təbiətin əzəmətini daha da artırırdı. Quşların cəh-cəhi qıjıltıda əriyir, qartalın qıyı eşidilməz olurdu.
Təbiət gülürdü hər gələn qonağın üzünə. Arıların vızıltısı qulaq batırmırdı ta, çünki şəlalənin, çayın şaqraq zənguləsi qəlblərə diktə edirdi.
Hər damlası dizə təpər, gözə nur
Hər damlası ruh ovsunu, şəfadı.
Hər damlası cəsarətdən don biçir
Hər damlası etibardı, vəfadı.
................................................................
Hər damlası min dərd üçün bir təbib
Hər damlası qeyrət mücəssiməsi,
Hər damlası bir bəstəsiz nəğmədi
Hər damlası ulu Haqqın töhfəsi.
.....................................................................
Gen dərələr, uca dağlar güc alır
Şırıltısı muğamatdı bəlkə də.
Hər damlası cavanlığın iksiri
Baş lazımdır hikmətini dərk edə.
..........................................................................
Sərt qayalar qartalların yuvası
Qoç ərənlər nemətidi bu yurdun.
Torpaq loğman, hava məlhəm, su təbib
Ulu Tanrım, bunları sən buyurdun.
........................................................................................
Hər damlası çiçəklərin ətrinə
Meyil salıb, nur çiləyib, bələnib.
Hər damlası ulu yurdun xətrinə
Ulu Haqqın ürəyindən ələnib.
...............................................................................
Füsunkarsan, valeh olur hər gələn
Cazibəni görən düşür heyrətə.
Nə sirri-xudadı, nə möcüzədi –
Layiq görülmüşük səntək sərvətə.
....................................................................................
Ey Fateh bulağı, sən ömür nəşəm
Köksümdə ürəksən, damarımda qan.
Ey Fateh bulağı, nazlı güleyşəm
Şükür ki qovuşdu sənə Ötərxan.
Ötərxan Eltac