AZ

“Tramp etiraf edib ki, Rusiyaya qarşı sanksiyalar işə yaramayacaq” – ABŞ nəşri

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bağlı təhdidləri Vaşinqtonun Moskvaya qarşı nə qədər təsirli vasitələrə malik olduğu sualını gündəmə gətirib.

“The New York Times” nəşrinin yazdığına görə, Tramp Rusiyaya qarşı sanksiyaların Putin üzərində təsirli olub-olmayacağına əmin deyil. O, jurnalistlərə açıqlamasında belə deyib:“Bilmirəm, bu Rusiyaya təsir edəcəkmi, çünki o (Putin-red.) ehtimal ki, müharibəni davam etdirmək istəyir. Amma biz rüsumlar tətbiq edəcəyik. Bu, təsir edə bilər, ya da etməyə bilər”.

Nəşr qeyd edir ki, Trampın münaqişədən getdikcə məyus olması onun təhdidlərinin nə qədər inandırıcı olduğunu sual altına qoyur və ABŞ-ninn Rusiyaya qarşı hansı güclü təsir vasitələrinə sahib olduğu, həmçinin Trampın bunları istifadə etməyə nə qədər hazır olduğu barədə müzakirələr başlayıb.

“The New York Times” yazır ki, Trampın ultimatumunun Putinin müharibə mövqeyini dəyişdirəcəyinə dair hələ heç bir əlamət yoxdur. Rusiya lideri Ukraynanı Kreml nəzarətinə qaytarmaq kimi “tarixi missiyasından” dönmək fikrində deyil və döyüş meydanında üstünlüyə malik olduğuna inanır.

Ekspertlər isə bildirirlər ki, Trampın Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün digər iqtisadi və hərbi imkanları hələ də mövcuddur. Rusiya sanksiyalardan müəyyən qədər qorunub, lakin iqtisadiyyatının zəifliyi qalmaqdadır. Tramp Rusiyanın bank sisteminin bir hissəsinə məhdudiyyət qoya, neft qiymətlərinə nəzarət edə və Avropa müttəfiqləri ilə xarici siyasət və ticarət sahəsində təsirini artıraraq təzyiq göstərə bilər.

ABŞ-nin Müdafiə Nazirliyində Rusiya, Ukrayna və Avrasiya üzrə sabiq köməkçi müavini Evelin Farkaş Trampın “əlində çoxlu güclü vasitələr olduğunu” bildirib. Onun sözlərinə görə, Senatın Rusiyadan və ya Rusiyanın uran və neft məhsulları alacaq ölkələrdən idxala ən azı 500% sanksiyalar tətbiq etməyi nəzərdə tutan qanun layihəsi var.

Farkaş həmçinin vurğulayıb ki, Tramp Rusiyaya hərbi baxımdan qələbə qazana bilməyəcəyini başa salmalıdır. O, ABŞ-nin hərbi yardımı artırıb Ukraynanı risk almağa təşviq etməli və müttəfiqlərlə birlikdə dondurulmuş rus aktivlərindən silah tədarükünü təmin etmək üçün istifadə etməlidir.

“Mən düşünürdüm ki, Tramp Rusiyanı kompromisə məcbur edə bilər, amma Putin kompromisdən uzaqdır. O, hədəflərinə hərbi güclə çatmayacağını anlayana qədər mübarizə aparacaq. Nəticədə qələbə qazana bilmədiyini özü və ətrafındakılara sübut etməlidir” — deyə o qeyd edib.

“AzPolitika.info”

Seçilən
1
7times.az

1Mənbələr