"Srvena Zvezda" Çempionlar Liqasına gedən yolda ilk maneəni asanlıqla keçiblər.
Fanat.Az xəbər verir ki, Cəbəllüttariqdə keçirilən ilk oyunda 1:0 hesablı minimal hesablı qələbə qazanan Serbiya çempionu Belqradda "Linkoln"a qarşı amansız olublar - 5:1.
Belqradda ağır məğlubiyyətdən sonra cəbəllüttariqli qonaqlar rəğbət doğuran hərəkəti ilə diqqət çəkib. "Linkoln" klubu özünün sosial media hesabında paylaşım edərək Belqradın "Rayko Mitiç Stadionu"nda paltardəyişmə otağının fotosunu yerləşdirib. "Cırtdanlar" nəinki soyunub-geyinmə otağını yığışdırıblar, hətta siliblər və döşəmədə heç bir iz buraxmayıblar:
Paylaşıma belə şərh yazılıb: "Soyunma otağını ləkəsiz şəkildə tərk etdik. Səmimi qonaqpərvərliyə görə "Red Star"a təşəkkür edirik və növbəti mərhələdə uğurlar arzulayırıq".
"Linkoln"un postunu və paltardəyişmə otağının fotosunu paylaşan serblər qonaq futbolçuların centlmenliyinə rəğbət bildiriblər: "Linkoln" oyunçularının "Srvena Zvezda" ilə qarşılaşmadan sonra paltardəyişmə otağında etdiklərinə inanmayacaqsınız, onlar əsl centlmendirlər".
Qeyd edək ki, Cəbəllüttariq çempionu mübarizəni Konfrans Liqasında davam etdirəcəklər.
Mirağa