AZ

Rusiyalı deputatdan ABSURD TƏKLİF: "Mixail Qusman dövlət təltiflərindən məhrum edilməlidir"

Rusiya Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya – Həqiqət naminə" partiyasının lideri Sergey Mironov tanınmış jurnalist və beynəlxalq informasiya agentliyi TASS-ın keçmiş baş direktorunun birinci müavini Mixail Qusmanın dövlət təltiflərindən məhrum edilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.
 

Onun sözlərinə görə, Rusiya Federasiyası Konstitusiyasının 89-cu maddəsinə dəyişiklik edilməli, prezidentə yalnız orden və medallar təqdim etmək hüququ deyil, həm də həmin təltifləri ləğv etmək səlahiyyəti verilməlidir.


“Bu, dövlət simvollarının və təltiflərinin nüfuzunu qorumaq üçün vacibdir. Dövlət təltifi alan şəxslər öz davranışları ilə onu daşımağa layiq olduqlarını sübut etməlidirlər”, - deyə o, əlavə edib.

Yeri gəlmişkən, Sergey Mironovun bu sərt mövqeyi son aylar Qusmanla bağlı baş verən hadisələrlə birbaşa əlaqələndirilir.
 

Xatırladaq ki, 2024-cü ilin iyul ayında Mixail Qusman Azərbaycanın Qarabağ bölgəsinə səfər edib, Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə sual verib.


Onun sualı bir çox rusiyalı mühafizəkar çevrələrdə birmənalı qarşılanmayıb, xüsusən də Ermənistanla yaxın münasibətləri müdafiə edən Rusiyanın siyasi dairələri tərəfindən tənqid olunub.
 

Bütün bu proseslərin fonunda, Qusman Moskavaya geri qayıdandan az sonra TASS agentliyindəki vəzifəsindən azad edilib. Rəsmi açıqlamada bu dəyişiklik “kadr islahatları” ilə əsaslandırılsa da, siyasi müşahidəçilər bunu Qusmanın Qarabağla bağlı mövqeyi və Azərbaycan Prezidenti ilə açıq platformada apardığı dialoqla əlaqələndiriblər.


Hazırda Rusiya Prezident Administrasiyası Sergey Mironovun absurd təklifinə rəsmi münasibət bildirilməyib.

Lakin Mironovun “bu təşəbbüsü” bir daha göstərir ki, Azərbaycanın regiondakı uğurları və diplomatik fəallığı Rusiya siyasi dairələrində diqqətlə izlənilir və bəzən narahatlıq doğurur.

Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr