AZ

Maya Sandu müxalifəti seçkilər ərəfəsində ölkədə sabitliyi pozmaq cəhdlərində ittiham edib

Bakı, 30 iyul, AZƏRTAC

Moldova Prezidenti Maya Sandu müxalifət qüvvələrini Rusiyaya işləməkdə və parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa cəhd etməkdə ittiham edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Moldova Prezidenti bu barədə Ali Təhlükəsizlik Şurasının səsverməyə xarici müdaxilə məsələsinin müzakirə olunduğu iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Maya Sandu vurğulayıb: “Rusiya artıq bu ilin payızında Moldova üzərində nəzarəti bərqərar etməyə çalışır və seçkilərə görünməmiş müdaxilələr hazırlayır. Bunun üçün "Şor qrupu", “Suverençilər” hərəkatı, eləcə də Avropaya qarşı fikirdə olan bəzi müstəqil namizədlərdən, cinayətkar qruplardan istifadə olunur”.

Dövlət başçısı iddia edir ki, Rusiya ölkədə “ödənişli etirazlar” təşkil etməyə hazırlaşır və “Aİ-yə inteqrasiyanın tərəfdarı olan siyasətçiləri, ictimai xadimləri və jurnalistləri ləkələmək” kampaniyasına başlayıb. Bundan əlavə, onun sözlərinə görə, Moldova Pravoslav Kilsəsinin bəzi keşişləri də bu prosesə qoşulublar.

“Ali Təhlükəsizlik Şurasının iclasında informasiya manipulyasiyasına və seçki proseslərinə xarici müdaxilələrə qarşı mübarizə tədbirləri müzakirə olundu. Söhbət milli təhlükəsizlik, demokratiya üçün mühüm əhəmiyyət kəsb edən informasiyadan gedir. İctimai asayiş və milli təhlükəsizliyə təhlükə böyükdür və bütün dövlət qurumları, eləcə də bütövlükdə cəmiyyət bu təhlükəni dərk etməli və müstəqilliyi qorumaq üçün birləşməlidir”, -deyə M.Sandu vurğulayıb.

Seçilən
8
azertag.az

1Mənbələr