Bu həftə avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Ötən həftə keçirilən ilk oyunlar klublarımızın parlaq nəticəsi ilə əlamətdar oldu. Bildiyiniz kimi, “Qarabağ”la “Sabah” səfər qələbəsi sayəsində, demək olar ki, növbəti mərhələyə adlayıb, evdə “Aris”i məğlub edən “Araz-Naxçıvan” da Yunanıstana ümidli yollanır, “Zirə” Splitdə də evdəki qədər inamlı oynasa, dörd klubumuz 3-cü mərhələdə iştirak edəcək. Hələlik isə ötən həftə qeydə alınan nəticələrlə öyünməyin vaxtıdı.
2-ci təsnifat mərhələsində 48 ölkədən 146 klub iştirak edir. UEFA-ya üzv olan 55 ölkədən bu mərhələdə yalnız “böyük beşlik” (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa), eləcə də San Marino və Rusiya təmsil olunmur. Rusiya ilə bağlı məsələ aydındı, San Marinoda isə vəziyyət fərqlidi. Hər şey xoşbəxt püşkdən irəli gəlir. Bu ölkənin Konfrans Liqasında mübarizə aparan iki klubu mübarizəni dayandırdı, “Virtus” isə Çempionlar Liqasının 1-ci mərhələsində uduzsa da, birbaşa KL-in 3-cü təsnifatına yuvarlandı.
Avrokubokların 2-ci təsnifat mərhələsində 16 ölkə maksimum sayda (4) təmsilciyə malikdi ki, bunlardan biri də Azərbaycandı. 20 ölkə (Qazaxıstan, Ermənistan, Belarus, Litva, Estoniya və başqaları) bu mərhələdə üç, 10 ölkə iki klub ilə mübarizə aparır. Lixtenşteyn ilə Uelsin hərəyə bir təmsilçisi var. 10 ölkə Avropanın hər üç turnirinin bu mərhələsində təmsil olunur. Əmsallar cədvəlinin 52-ci pilləsində qərarlşan Gürcüstanın 4 klubunun hamısı Konfrans Liqasında yarışır (çempion “İberiya 1999” da ÇL-in ilk mərhələsində uduzaraq KL-ə adlayıb).
İndi isə 2-ci təsnifat mərhələsində ən çox xal toplayan ölkələrin ilk “10-luğ”una baxaq:
q h m xal
1-2. Polşa 3 1 0 3,5
1-2. Azərbaycan 3 1 0 3,5
3-5. Avstriya 3 0 0 3
3-5. C.Kipr 2 2 0 3
3-5. Albaniya 3 0 0 3
6-10. Şotlandiya 2 1 0 2,5
6-10. Serbiya 2 1 1 2,5
6-10. Danimarka 1 3 0 2,5
6-10. İsveç 2 1 1 2,5
6-10. Finlandiya 2 1 0 2,5
Həftə ərzində ən çox xal (3,5) toplayan ölkələr Azərbaycanla Polşadı. Avstriya və Albaniya klubları ötən həftə üç qələbə qazanıb. Onlardan başqa yalnız Şimali Makedoniya həftəni yüzfaizlik nəticə (2 oyunda 2 qələbə) ilə başa vurub. 5 ölkə xal qazana bilməyib: Uels (1 klub), Lixtenşteyn (1), Cəbəllütariq (2), Malta (3), Gürcüstan (4).
İndi də ötən həftə ən çox əmsal yığan ölkələrin siyahısına baxaq:
ölkə əmsal klub/qalıb
1-2. Azərbaycan 0,875 4/4
1-2. Polşa 0,875 4/4
3-4. Albaniya 0,750 4/3
3-4. C.Kipr 0,750 4/4
5-8. Serbiya 0,625 4/4
5-8. Finlandiya 0,625 4/3
5-8. İsveç 0,625 4/4
5-8. Danimarka 0,625 4/4
9. Avstriya 0,600 5/5
10-18. Şotlandiya 0,500 5/5
10-18. İrlandiya 0,500 4/3
10-18. İsrail 0,500 4/4
10-18. Slovakiya 0,500 4/4
10-18. Ş.Makedoniya 0,500 4/2
10-18. Xorvatiya 0,500 4/4
10-18. Ş.İrlandiya 0,500 4/3
10-18. Macarıstan 0,500 4/4
10-18. Ukrayna 0,500 4/4
Bu siyahı əvvəlkindən iki dəfə uzun olsa da, yenə də Polşa ilə Azərbaycan şərikli liderdi. Nəhayət, həftənin ən güclü və zəif ölkələrini müəyyənləşdirmək vaxtıdı. Üç oyunun hamısında qələbə qazanan Avstriya və Albaniya klubları çox yaxşı nəticə ilə yadda qaldı. Bununla belə, onların rəqibləri o qədər güclü deyildi. Polşa və Azərbaycan isə yüzfaizlik nəticəyə nail olmasa da, həftə ərzində yetərincə yaxşı nəticə göstərdi, əmsalına xal əlavə etdi. Həm Polşanın, həm də ölkəmizin klublarının bəxtinə güclü rəqiblərin düşdüyünü də unutmayaq. Məsələn, polşalıların rəqibləri sırasında əmsallar cədvəlində onlardan öndə olan Çexiya və Serbiya klubları var idi. Bizə gəlincə, Yunanıstanla Xorvatiyanın reytinqdə Azərbaycanla müqayisədə öndə olduğu məlumdu. Beləliklə, Polşa və Azərbaycan üçüncü oyun həftəsinin ən güclü ölkələridi.
Cəbəllütariq klubları 2, Malta klubları 3, Gürcüstan klubları 4 oyunun hamısında uduzub. Gürcülər üçün yeganə təsəlli odu ki, bütün klubları səfərdə oynayıb. Hər halda, 3-cü oyun həftəsinin ən zəifi Gürcüstandı.
Xatırladaq ki, 1-ci oyun həftəsinin ən güclüsü Belarus, 2-ci oyun həftəsinin ən güclüsü İslandiya olmuşdu. Lüksemburq isə hər iki həftənin ən zəifi idi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta