BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub.
QHT.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu ABŞ, Böyük Britaniya, İtaliya, Polşa, Estoniya, Türkiyənin nüfuzlu universitetlərinin magistraturasına qəbul olunub. Onların sırasında Corc Vaşinqton Universiteti, Avila Universiteti, Varvik Universiteti, Sapienza Universiteti, Messina Universiteti, Vistula Universiteti kimi ali təhsil ocaqları yer alır.
BDU məzunları təhsillərini “İnformasiya təhlükəsizliyi” və “Kompüter elmləri” ixtisasları üzrə davam etdirəcəklər. Tələbələrin qəbul olunduqları universitet və ixtisaslar onların yüksək akademik göstəricilərini, tətbiqi riyaziyyat və kibernetika sahəsində peşəkar hazırlıq səviyyələrini nümayiş etdirir. Bu nailiyyətlər həm də BDU-da kompüter elmləri üzrə təhsilin beynəlxalq standartlara uyğun təşkil olunduğunu və məzunların qlobal rəqabətə hazır olduğunu göstərir.