AZ

Ukrayna ətrafında böyük SİYASİ OYUN

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keir Starmerlə danışıqlardan sonra verdiyi sərt bəyanatla dünya gündəmini silkələyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə “daha danışmaq istəmir” və ona Ukraynada atəşkəsə razılaşmaq üçün cəmi 10-12 gün vaxt verib.

Tramp daha sonra bu müddətin 10 gün olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskov Trampın ultimatum xarakterli çıxışını şərh etməkdən imtina edib. O, yalnız bildirib ki, bu məlumat “nəzərə alınıb”.

Amma görünən odur ki, ABŞ və Rusiya arasında münasibətlər daha da gərginləşir.

Modern.az-ın məlumatına görə, bu hadisələrində fonunda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və respublikaçı senator Lindsi Qrehem arasında qarşılıqlı təhqirlərə çevrilən gərgin söz savaşı baş verib. Medvedev amerikalı senatorları “qocalar” adlandırıb və onların “öz ölkələri üçün işləmək əvəzinə müharibələr qızışdırmaqla məşğul olduqlarını” deyib.

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) isə daha sensasion iddia ilə çıxış edib. Qurum mətbuata açıqlayıb ki, İsveçrə Alplarında Ukrayna Prezidenti Volodimir Zelenksinin əvəzlənməsi ilə bağlı gizli görüş baş tutub. İddiaya görə, bu görüş ABŞ və Böyük Britaniyanın təşəbbüsü ilə baş tutub və Ukrayna tərəfindən Prezident Aparatının rəhbəri Andrey Yermak, Təhlükəsizlik Xidmətinin direktoru Kirill Budanov və Londondakı səfir Valeri Zalujnı iştirak edib.

SVR-in məlumatında bildirilir ki, Qərb Zelenksini Zalujnı ilə əvəzləməyi təklif edib. Şərt isə belə olub ki, əgər bu dəyişiklik baş verərsə, Yermak və Budanov öz vəzifələrində qalacaq və yeni hökumətin formalaşmasında mühüm rol oynayacaqlar.

Bütün bunlar Rusiyanın məşhur kəşfiyyatçısı Sergey Narışkinin rəhbərlik etdiyi SVR-in siyasi oyunlarının tərkib hissəsi kimi qiymətləndirilir. Analitiklər bu açıqlamaları Rusiya tərəfindən yayılan psixoloji təzyiq və dezinformasiya kontekstində dəyərləndirirlər.

Financial Times-ın təhlilinə görə, Vladimir Putin Trampın qayıdışı ilə bağlı həddindən artıq optimist olub. Amma indi ABŞ Prezidenti konkret zaman çərçivəsi qoyaraq Putindən Ukraynada addım atmağı tələb edir. Ekspertlər düşünür ki, bu bəyanat Trampın Rusiya ilə bağlı daha sərt kurs götürməsinin siqnalıdır.

Ekspertlər düşünür ki, Moskva Trampın bu “ultimatumunu” qəbul etməyəcək, lakin yaranan vəziyyətin gərginliyinin artacağı ehtimalı böyükdür. İndiki məqamda, heç olmasa, müvəqqəti kompromis mexanizminin tapılması vacib sayılır.

Maraqlıdır ki, iyulun 28-də hökumət iclasından sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya və Ukrayna arasında növbəti sülh danışıqlarının çox yaxın günlərdə yenidən İstanbulda keçiriləcəyini açıqlayıb.

Ərdoğan bəyan edib ki, danışıqlara vasitəçilik etməyə davam edən yeganə ölkə olaraq Türkiyə öz üzərinə düşən missiyanı davam etdirəcək.

Trampın atəşkəs üçün “12 günlük” təzyiqi və Zelenksinin əvəzlənməsi barədə yayılan gizli görüş iddiaları böyük siyasi oyunların başladığını göstərir. Moskva və Vaşinqton arasında artan gərginlik fonunda Türkiyənin vasitəçilik cəhdləri regional və qlobal sabitlik üçün əhəmiyyət daşıyır.

Elnur Əmirov

Seçilən
16
modern.az

1Mənbələr