AZ

Sığorta olunmayan mənzilləri nələr gözləyir? - EKSPERT AÇIQLADI

“Mənzil sığortası əmlak sahiblərinin maliyyə təhlükəsizliyini təmin edən ən mühüm vasitələrdən biridir. Bu prosesin əsas prinsipləri evin bazar dəyərinə, yerləşdiyi əraziyə, tikilinin yaşı və texniki vəziyyətinə əsaslanır. Sığorta şirkətləri mənzili qiymətləndirərək, əmlakın dəyəri üzərindən illik və ya aylıq ödəniş məbləğini müəyyənləşdirir. Sığorta müqaviləsinə əsasən, mənzil sahibləri müəyyən edilmiş risklərdən qorunurlar". Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, əksər hallarda bu risklərə yanğın, partlayış, zəlzələ, sel, su basması, fırtına, təbii fəlakətlərin digər növləri, həmçinin bəzi hallarda oğurluq və üçüncü şəxslərin vurduğu zərərlər daxildir. Sığorta prosesi belə işləyir: ev sahibi şirkətə müraciət edir, əmlakın texniki və hüquqi sənədləri yoxlanılır, əraziyə baxış keçirilir və risk dərəcəsi müəyyən olunur. Bundan sonra ödəniş məbləği hesablanaraq müqavilə bağlanır: "Sığortalanmayan mənzillər isə ciddi maliyyə və hüquqi problemlərlə üz-üzə qala bilər. Təbii fəlakət və ya qəza nəticəsində əmlakın tam və ya qismən sıradan çıxması sahibkar üçün çox böyük maliyyə yükü yaradır. Misal üçün, ölkədə baş verən güclü zəlzələ və ya yanğın nəticəsində mənzilin bərpası üçün yüz minlərlə manat vəsait lazım ola bilər. Sığorta olmadıqda bütün bu xərclər ev sahibinin üzərinə düşür. Bu isə bir çox ailə üçün illərlə topladığı yığımın və ya kreditlə aldığı mənzilin itirilməsi deməkdir.

Üstəlik, kreditlə alınmış mənzillərdə banklar sığortanı məcburi şərt kimi qoyur. Çünki sığorta olmadığı halda baş verə biləcək zərər həm bankı, həm də borcalanı risk altına salır. Eyni zamanda, mənzil sığortası yalnız ev sahibinin deyil, qonşuların da təhlükəsizliyini qoruyur. Məsələn, mənzildə baş verən yanğın və ya su basması qonşulara da zərər vurarsa, sığorta şirkəti bu xərcləri də qarşılayır. Təəssüf ki, ölkəmizdə bu sahədə hələ də laqeyd yanaşma mövcuddur. Statistikaya görə, şəhər yerlərində mənzillərin çox az qismi – təxminən 20-25%-i sığortalanır. Kənd yerlərində bu göstərici daha aşağıdır. Halbuki Avropa ölkələrində mənzil sığortası 70-80% səviyyəsindədir və əksər vətəndaş bunu mütləq ehtiyac kimi görür.

Bütün bunları nəzərə alaraq, hər bir vətəndaşa mənzilini sığortalatmağı tövsiyə edirəm. Çünki bu addım həm ailə büdcəsini, həm də illərlə çəkdiyi zəhməti qorumağın ən etibarlı yoludur. Sığorta etməklə ev sahibi gözlənilməz hadisələr qarşısında daha güvənli olur və əmlakının dəyərini qoruyub saxlaya bilir”.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
37
sia.az

1Mənbələr