AZ

Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər

Cari ilin yanvar-may aylarında ölkədə 8 min 678 boşanma halı qeydə alınıb. 

İddialara görə, həmin boşanmalar sırasında saxta boşanmalar da yer alır. Belə ki, bəzi ailələr müxtəlif məqsədlərlə bu cür “boşanmanı” həyata keçirirlər. Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, boşanmaların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olmur: 

“Şahidi olduğum bəzi boşanmaları sizlərində diqqətinizə çatdırım. İpoteka krediti ilə ev alan zaman əmək haqqından ailə üzvlərinin adambaşına yaşam xərci çıxıldıqda ümumi məbləğ az olduğuna görə kreditin ayrılmaması səbəbindən çox hallarda süni boşanma edirlər və bu zaman qarşı tərəf heç bir aliment tələbi etmədən uşaqları özündə saxlayır və ər rahat şəkildə ipoteka krediti ilə ev alır. Daha sonra isə barışırlar. 

Evləri sökülən şəxslər tikinti şirkətlərindən əlavə ev almaq üçün süni boşanma edib evi ikiyə bölərək iki çıxarış əldə edirlər. Söküntü zamanı isə hər ikisi evlə təmin olunurlar. Borclu olan şəxslər həmin borcun əmlaka yönəlməməsi üçün süni boşanma edir, ər evi arvadın adına keçirir və evin borc əvəzinə müsadirə edilməsinin qarşısını alır. 

Dövlətdən sosial müavinət almaq üçün saysız- hesabsız boşananlar da var. Bunabənzər çox sayda problemlərin həlli üçün əksər insanlar çıxış yolunu boşanmalarda görürlər. Təbii ki, əksər hallarda bu tip boşanmalar problemlərin həlli üçün effektiv olur”. 

Göründüyü kimi, bir sıra məqsədlərlə bu cür “boşanmalar” həyata keçirilir.

Bəs saxta boşanmaları müəyyən etmək mümkündürmü? 

Məsələ ilə bağlı hüquqşünas Roman Qaraşov “Cebheinfo.az”-a bildirib ki, əslində bu hallar təkcə Azərbaycanda yox, bir çox ölkələrdə müşahidə olunur: 

“İnsanlar bəzən müəyyən sosial və ya maliyyə üstünlüklərindən yararlanmaq üçün formal şəkildə boşanırlar. Azərbaycanda bu, daha çox ipoteka krediti almaq, əlavə ev və əmlak əldə etmək, borcdan yayınmaq və ya sosial müavinət almaq üçün edilir. Yəni kağız üzərində boşanırlar, amma gerçəkdə ailə birlikdə qalır, həyat yoldaşları bir evdə yaşayır, birgə uşaqlara baxırlar. 

Bu isə hüquqi sənədlərlə real həyat arasında ziddiyyət yaradır. Bu problem tək bizdə deyill. Bir çox ölkələrdə bu cür süni boşanmalara qarşı müxtəlif hüquqi yollar tapılıb. Almaniyada əgər ailə cütlüyü boşanaraq borcdan yayınmağa və ya əmlakı gizlətməyə çalışırsa, bu, hüquqdan sui-istifadə kimi qiymətləndirilir. 

Məhkəmələr belə hallarda boşanmanı formal sayır və əmlakla bağlı əvvəlki razılaşmaları etibarsız elan edə bilir. Üstəlik, vergi və sosial təminat orqanları boşandıqdan sonra birlikdə yaşayıb-yaşamadıqlarını yoxlamaq üçün araşdırma apara bilər. ABŞ-də buna saxta və ya razılaşdırılmış boşanma deyilir. 

Əgər sübut olunsa ki, tərəflər yalnız hüquqi üstünlüklər əldə etmək üçün boşanıblar, dövlət onların bu yolla qazandığı hüquqları ləğv edə bilər. Məsələn, sosial yardım və ya əmlakla bağlı qərarlar sonradan geri oxunur. 

Boşanmış şəxslərin birgə yaşadığı aşkarlansa, bu, dərhal araşdırma üçün əsas olur. İngiltərədə də vəziyyət oxşardır. Rəsmi boşanmaya baxmayaraq, sosial yardım alan şəxslər bir evdə yaşayırlarsa və bunu gizlədirlərsə, vergi və yardım orqanları onların gəlir və yaşayış xərclərini yoxlayaraq, yardımı dayandıra bilər”. 

Hüquqşünasın sözlərinə görə, bu təcrübələrdən görünür ki, yalnız boşanma haqqında sənədin olması kifayət deyil: 

“Dövlətlər faktiki vəziyyətə də baxır- eyni ünvanda yaşamaq, ortaq bank hesabı, uşağa birlikdə baxmaq və sairə. Azərbaycanda da bu təcrübələrdən faydalı elementləri tətbiq etmək olar. Məsələn, boşanma sonrası kim harada yaşayır, uşaqlar kimlə qalır, ailə büdcəsi necə idarə olunur  kimi meyarlarla elektron nəzarət sistemi qurmaq mümkündür. 

Yaxud  sosial müavinət və ipoteka kreditlərinin verilməsi zamanı yalnız sənədlərə deyil, real ailə münasibətlərinə də baxılmalıdır. Yəni hüquqi sənəd vacibdir, amma əsas məsələ odur ki, həmin boşanma gerçək həyatla uyğun gəlirmi? Xarici təcrübə göstərir ki, niyyətin və faktiki münasibətin araşdırılması bu sahədə ən effektiv yoldur. Azərbaycanda da bu istiqamətdə hüquqi dəyişikliklərə və daha güclü nəzarət sisteminə ehtiyac var”. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr