AZ

"Abituriyentlərə səbirli olmağı arzu edirəm" - DİM-də baş verənlərə REAKSİYA

Son günlərin aktual mövzularından biri Dövlət İmtahan Mərkəzinin (DİM) kiber hücuma məruz qalmasıdır. DİM-in rəsmi informasiya resurslarına kiber hücuma məruz qalması ilə bağlı informasiyaları mərkəzin rəsmi şəxsləri də təsdiq ediblər. Dövlət Təhlükəsizliyi Xidməti isə həmin şəxslri müəyyən edərək saxlayıb.

DİM ətrafında baş verənlər isə ictimaiəyyətdə, valideyn və abituiriyentlər arasında narahatlıq yaradıb.

DİM-in kiber hücuma məruz qalması bu quruma olan güvəni sarsıda bilərmi?

Redaktor.az-a danışan fəlsəfə doktoru, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi ki, bununla bağlı müəyyən narahatçılıqlar yaşanıb:

"İmtahanlardan müvəffəqiyyət qazanmış abituriyentlər üçün qeydiyyat prosesi zamanı bu hücumların baş verməsi təbii ki, müəyyən narahatçılıqlar yaradır. Amma məsələ ondan ibarətdir ki, biz hazırda yaşadığımız reallığı, texnoloji yeniliklərini və eyni zamanda müasir texnoloji resurslara, informasiya mənbələrinə, ayrı-ayrı dövlət qurumlarının, özəl qurumların informasiya saytlarının bu kimi texnoloji platformalarına hücumları zaman-zaman görmüşük. Bu, təkcə bizim ölkəmiz üçün spesifik deyil".

Fəlsəfə doktorunun sözlərinə görə, ən yüksək texnoloji inkişafa malik ölkələrdə də belə hallar mövcud və mümkündür:

"Təbii ki, mən narahatçılığı başa düşürəm, amma Dövlət İmtahan Mərkəzi qeydiyyatdan keçmək üçün xeyli böyük bir zaman arealını seçib və bu müddət ərzində mən hesab edirəm ki, bütün müraciət edənlər qeydiyyatdan keçməyə imkanı əldə edəcəklər. Əlbəttə, bu xoşagəlməz halın aradan qaldırılması üçün aidiyyəti qurumlar, dövlət qurumları öz işlərini görəcəklər. Bütövlükdə proses, məncə, nəzarətdən çıxmayacaq. Bu, Dövlət İmtahan Mərkəzinə güvənin sarsılması demək olmayacaq. Bu, tək Dövlət İmtahan Mərkəzinin üzləşdiyi problem deyil. Bu kimi problemlərlə dünyada müxtəlif qurumlar üzləşirlər və Dövlət İmtahan Mərkəzi də təbii ki, bu problemi aradan qaldıracaq. Burada güvənsizlikdən söhbət gedə bilməz".

Ekspert vurğuladı ki, qeydiyyatdan keçənlər üçün ayrılmış zaman müddətində problemin aradan qaldırılması istiqamətində real işlər gerçəkləşdiriləcək.

"Mən qeydiyyatdan keçmək istəyən abituriyentlərə səbirli olmağı arzu edirəm. Hətta sosial şəbəkələrdə belə informasiya yayılıb ki, ümumiyyətlə Dövlət İmtahan Mərkəzinin saytına girmək mümkün deyil, yəni bu portal işlək deyil. Amma mən əmin edirəm ki, bu qısa müddətli olacaq və qısa müddət ərzində bu kiber hücumun da qarşısı alınacaq", - deyə İ.Orucov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
10
redaktor.az

1Mənbələr