AZ

“Araz-Naxçıvan”ın müdafiəçisi: “Böyük üstünlüyümüz yoxdur” - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Futbolinfo.az-a müsahibəsi

– Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Aris”i məğlub edərək (2:1) hamını yaxşı mənada təəccübləndirdiniz. Yunanları məğlub yola salacağınızı gözləyirdiniz?

– Çətin oyun keçəcəyini bilirdik. Matça ciddi hazırlaşmışdıq. İstəyirdik ki, ilk görüşdə sərfəli nəticə qazanaq. Çox şükür, alındı. Bəlkə də daha yaxşı hesab qeydə alına bilərdi. Ancaq ilk oyun üçün bu nəticə də normaldır.

– İlk görüşə əsasən, rəqibin heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

– Rəqibin heyətində, demək olar ki, bütün futbolçular güclüdür. Buna görə də kimisə fərqləndirmək istəmirəm.

– Oyunda hakim idarəçiliyi çox tənqid olundu. Referinin qərarları ilə bağlı sizin fikriniz necədir?

– Hakimin matç ərzində səhv qərarları oldu. Ancaq bunda qərəz olduğunu demək çətindir. Demək olar ki, komandamızın əksər üzvlərinə sarı vərəqə göstərdi. Hər şeyə rəğmən, qələbə qazandıq. Əsas olan da budur. İnşallah, cavab görüşündə uğurlu nəticənin ardı gələr.

– “Aris”lə cavab matçından gözləntiniz nədir? İlk oyundakı üstünlüyü Yunanıstanda qoruya biləcəksiniz?

– İkinci qarşılaşmanın daha çətin keçəcəyini düşünürəm. Bakıdakı oyunda qeydə alınan nəticə elədir ki, böyük üstünlüyümüz yoxdur. Buna görə də hesabı qorumaq yox, öz oyunumuzun davamını gətirmək lazım gələcək.

– İqor Ribeyro ilə uzun müddətdir müdafiədə tandem təşkil edirsiniz. Onun “Neftçi”yə gedişi sizi məyus etməyəcək?

– İqorun komandada qalmasını istərdik. Amma bəzi şeylər var ki, bizdən asılı deyil.

– Yeni transferlərdən ən çox kimin komandanı gücləndirdiyini düşünürsünüz?

– Yeni transferlerimiz komandaya uyğunlaşıblar və faydalı olmağa çalışırlar. Deyərdim ki, hər kəs əlindən gələni edir.

– Hazırkı “Araz-Naxçıvan” Premyer Liqanın yeni mövsümündə çempionluq mübarizəsi apara biləcək gücdədir?

– Məncə, bu haqda danışmaq zamanı deyil. Hazırda bütün fikrimizi “Aris”lə cavab oyununa yönəltmişik. Mərhələni keçmək istəyirik. Çempionat haqda sonra düşünəcəyik.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr