İki gün sonra Yaxın Şərq yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələ, son onilliyin ən mühüm enerji layihələrindən biri olan Azərbaycan - Suriya - Türkiyə qaz dəhlizinin hazırlanması ilə başlayacaq. Layihə çərçivəsində hər il 1,2 milyard kubmetr Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli nəzərdə tutulur.
Layihə sadəcə, regionun aktual enerji böhranını aradan qaldırmaqla kifayətlənməyəcək, həm də onun bərpasına ciddi təkan verecək, Türkiyənin əvəzolunmaz enerji qovşağı kimi mövqeyini daha da gücləndirəcək. Layihənin səthi təhlili belə, onun iqtisadi, siyasi və humanitar ölçülərinin necə bir araya gəldiyini və bölgədə mövcud olan köhnə geosiyasi paradiqmaları necə sarsıtdığını aydın şəkildə ortaya qoyur.
Xatırladaq ki, Yaxın Şərq həm genişmiqyaslı geosiyasi qarşıdurmaların, həm də ağır humanitar böhranların mərkəzindədir. Fəqət bu xaosun fonunda konkret və praqmatik əməkdaşlıq xətti formalaşmaqdadır: Azərbaycan - Türkiyə - Suriya. Məzkur üçtərəfli oxun əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Məqsəd Azərbaycanın təbii qazının faciəli, qanlı vətəndaş müharibəsindən sonrakı Suriyanın ərazilərinə, xüsusilə Hələb və Homs kimi bölgələrinə çatdırılmasıdır. Sözügedən təşəbbüs kommersiya və texniki aspektlərlə yanaşı, güclü humanitar və siyasi məzmun daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (United Nations Economic and Social Commission for Western Asia, ESCWA) tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, Suriyanın enerji infrastrukturu 65 faizdən çox dağılıb. Elektrik stansiyalarının 40 faizi bərpaolunmaz haldadır, 30 faizi isə tam rekonstruksiyaya ehtiyac duyur. 2011-ci ildən əvvəl Suriya ildə təxminən 46 milyard kVt·saat elektrik enerjisi istehsal edirdi və bunun 65 faizi təbii qazın payına düşürdü. Bu gün isə bu rəqəm 12 - 13 milyard kVt·saata enib və bu, hətta iri şəhərlərin əsas ehtiyaclarını qarşılamaq üçün kifayət deyil.
BMT-nin Qida Proqramının yaydığı məlumata görə, ölkə əhalisinin 72 faizi daimi olaraq elektrik enerjisi çatışmazlığından əziyyət çəkir, 38 faiz ev təsərrüfatı isə yemək bişirmək və qızınmaq üçün hələ də odun və ya kömürdən istifadə etməyə məcburdur. Belə bir durumda Azərbaycan qazının Suriyaya çatdırılması layihəsi sistemli əhəmiyyət qazanır. Bu artıq sırf kommersiya əməliyyatı deyil - cəmiyyətin sabitləşdirilməsi və iqtisadi dirçəlişin əsaslarının qurulması üçün mühüm bir vasitədir.
Azərbaycanın təbii qazının Suriyaya nəqli hazırda mövcud olan magistral boru kəmərləri vasitəsilə həyata keçiriləcək: Cənubi Qafqaz boru kəməri (Bakı - Tbilisi - Ərzurum), TANAP və Türkiyənin daxili BOTAŞ sistemləri. Əsas nəql marşrutu isə Suriyaya yaxın olan Kilis bölgəsi üzərindən keçəcək modernləşdirilmiş kəmərdir.
Türkiyənin Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ilin yazında başa çatan modernləşdirmə işləri nəticəsində Kilis xəttinin sutkalıq ötürmə gücü 3 milyon kubmetrdən 4,8 milyon kubmetrə çatdırılıb. Bu isə ildə 1,2 milyard kubmetr qaz nəqlinə imkan verir ki, bu da Hələb və Homs kimi bölgələrin müharibədən əvvəlki ehtiyaclarına bərabərdir.
Yeni boru kəməri çəkməyə ehtiyac olmadığı və Azərbaycanla Türkiyə arasında artıq mövcud olan razılaşmalar sayəsində layihənin reallaşması həm daha sürətli, həm də daha az xərcli baş verir. Bu isə Suriyada enerji çatışmazlığının fonunda prosesin ləngiməsinə yol vermir.
Ölkəmiz üçün bu layihə təkcə qaz ixracının genişlənməsi deyil, həm də ölkənin regional sabitlik təminatçısı və praktiki həllər təklif edən oyunçu kimi rolunu nümayiş etdirməkdir. Qərb qaz bazarlarının ekoloji məhdudiyyətlər və LNG rəqabəti ilə sıxışdırıldığı bir dövrdə Suriya kimi qeyri-standart, lakin enerji ehtiyacı yüksək olan bazarlara çıxış ağıllı və uzaqgörən addım sayılır.
Azərbaycan təkcə qazla təminat funksiyasını deyil, həm də Suriyada qazın bölgüsünün koordinasiyasında iştirak edir. Bu işlər BOTAŞ və BMT-nin müvəqqəti koordinasiya strukturları ilə birgə həyata keçirilir. Beləliklə, Bakı özünü etibarlı və humanist tərəfdaş kimi təqdim etməyi bacarır.
Azərbaycan qazının Suriyaya nəqli layihəsi milyonlarla insanın həyat şəraitini dərhal yaxşılaşdırmaq gücündə olan azsaylı konstruktiv təşəbbüslərdəndir. Bu, iqtisadi vasitələrlə humanitar məqsədlərə çatmağın model nümunəsidir.
Sadəcə, bir fakt: Hələbdəki tibb müəssisələrinə sabit enerji verilişi bərpa olunarsa, 17 doğum şöbəsi və reanimasiya bloku 24 saatlıq fəaliyyətə qaytarıla bilər.
Enerji ilə bağlı konkret faydalarla yanaşı, layihə mühüm regional ölçüyə də malikdir. Türkiyə tranzit ölkə kimi bu prosesdə iştirak etməklə Suriya gündəmini, o cümlədən kürd məsələsini və müharibədən sonrakı quruculuq mərhələlərini formalaşdırmaq baxımından əlavə təsir aləti əldə edir. Azərbaycan isə Türkiyə ilə enerji ittifaqını daha da möhkəmləndirərək, münaqişələrdən zərər çəkmiş bölgələrin bərpasında iştirak etmə qabiliyyətini nümayiş etdirir. Bu isə Bakı üçün İƏT və BMT kimi beynəlxalq platformalarda uzunmüddətli siyasi kapital formalaşdırır.
Təbii ki, layihə tamamilə risklərdən sığortalanmayıb. Buraya Suriyanın şimal bölgələrində davam edən qeyri-sabitlik, terrorçu kürd qruplaşmaların sabotaj təhlükəsi və eləcə də ölkə daxilindəki mürəkkəb logistik şərait daxildir. Lakin Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, BMT-nin dəstəyi ilə Suriya hakimiyyəti artıq Homs və Hələb ətrafındakı qaz nəqli infrastrukturunun inventarizasiyasını yekunlaşdırıb və 2025 - 2026-cı illər üçün bərpa planı hazırlayıb.
Təhlükəsizlik sahəsində də ümidverici siqnallar var. BMT-nin Operativ Monitorinq Mərkəzinin iyul hesabatına görə, son 5 ay ərzində qaz nəqli marşrutu üzərində kritik infrastruktur üçün təhlükə yaradan heç bir ciddi hadisə qeydə alınmayıb.
Ümumiyyətlə, Azərbaycan-Türkiyə-Suriya enerji layihəsi təkcə yeni nəqliyyat xətti və ya infrastruktur təşəbbüsü deyil. Bu layihə Yaxın Şərq və Cənubi Qafqazda enerji, siyasət və geoiqtisadiyyat sahələrində baş verən dərin transformasiyaların göstəricisidir. Onun əsasını pafoslu bəyanatlar yox, sağlam hesablamalar, praqmatizm və post-böhran dünyasında iqtisadi əlaqələrin diversifikasiyası ehtiyacı təşkil edir.
... Son iyirmi ildə Avropanın əsas enerji tərəfdaşlarından birinə çevrilmiş Azərbaycan indi Şərqi Aralıq dənizi və Yaxın Şərq istiqamətində təsirini artırmağa doğru inamla addımlayır. SOCAR-ın məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda qaz hasilatı 48,1 milyard kubmetrə çataraq ölkə tarixində rekord nəticə olub. Bu həcmin 23 milyard kubmetrdən çoxu ixraca yönəlib, o cümlədən 11,9 milyard kubmetr Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunub (Azərbaycan Energetika Nazirliyinin 2025-ci ilin mart hesabatı).
Suriyaya çıxış yeni bazarlara və marşrutlara yol açır. Bu, xüsusilə Avropada daxili istehlakın artması və mövcud infrastruktur çərçivəsində əlavə ixrac imkanlarının məhdudlaşdığı şəraitdə Bakı üçün strateji önəm daşıyır.
Ankara bu layihənin əsas benefisiarı və logistik mərkəzidir. Hazırda Türkiyə Azərbaycan qazının Avropaya boru kəmərləri ilə çatdırılan ümumi həcmin 50 faizindən çoxunu qəbul edir. Hatay və ya Qaziantəp vasitəsilə Suriyaya yönələcək yeni xətt (TPAO və BOTAŞ-ın ilkin layihə qiymətləndirmələrinə əsasən) təkcə tranzit gəlirləri ilə deyil, həm də Türkiyənin regional enerji mərkəzi statusunu möhkəmləndirməsi baxımından əhəmiyyətlidir. Türkiyə Enerji Araşdırmaları İnstitutunun (TENVA) hesablamalarına görə, Suriyaya qaz tədarükünün illik həcmi 2027-ci ilə qədər 3 milyard kubmetrə çata bilər və tranzitdən Türkiyə büdcəsinə illik gəlirlər 180 milyon dollardan çox ola bilər.
Bundan əlavə, layihə Türkiyənin siyasi nüfuzunu da artırır. Yaxın Şərqdəki qeyri-sabit fon şəraitində Ankaranın hərbi, humanitar və diplomatik səylərlə uzlaşan infrastruktur layihələri həyata keçirmə qabiliyyəti onun sistemli yanaşmasının göstəricisidir. Energetika naziri Alparslan Bayraktar iyun ayında Anadolu agentliyinə verdiyi müsahibədə bildirmişdi: “Türkiyə artıq sadəcə boru kəməri keçən ərazi deyil, bütöv regionların enerji siyasətinin formalaşdığı məkan halına gəlir.”
Dəməşq üçün bu layihə həyat təminatının əsaslarını yenidən işə salmaq imkanıdır. Suriyanın Neft və Faydalı Qazıntılar Nazirliyinin məlumatına görə, ölkə 2024-cü ildə cəmi 2,5 milyard kubmetrdən az qaz hasil edib ki, bu da daxili tələbatın yarısını belə ödəmir. Elektrik stansiyalarının 70 faizindən çoxu ya tam dayandırılıb, ya da məhdud rejimdə çalışır. Hətta 1,5 - 2 milyard kubmetrlik əlavə qaz mənbəyi vəziyyəti kökündən dəyişə bilər.
Burada söhbət təkcə enerji təchizatından getmir. Xüsusən Homs, Hələb və Deyr əz-Zor kimi şəhərlərdə sement, şüşə və metallurgiya sahələrinin bərpası ucuz və dayanıqlı yanacaqla birbaşa bağlıdır. "Al-Watan" qəzetində yayımlanmış hesablamalarında suriyalı iqtisadçı Faruq əl-Xalidinin fikrincə, hər 1 milyard kubmetr qaz təxminən 15 iri sənaye müəssisəsinin fəaliyyətini bərpa etməyə və 40 min yeni iş yerinin açılmasına imkan verə bilər.
Bundan başqa, bu, ciddi humanitar aspekt daşıyır. Suriyada hələ də 6,8 milyondan çox daxili məcburi köçkün var. Kommunal və enerji infrastrukturunun bərpası onların geri dönüşü üçün əsas təşviq mexanizmidir. Beynəlxalq Miqrasiya Təşkilatının iyun ayında yaydığı hesabatda da vurğulanır ki, “enerji sabitliyi - davamlı bərpa prosesinin təməl daşıdır”.
Azərbaycan-Türkiyə-Suriya qaz boru kəməri layihəsi sırf iqtisadi faydalarla məhdudlaşmır - onun strateji nəticələri daha geniş və əhatəlidir. İlk növbədə, bu layihə Rusiyanın və İranın Suriyanın enerji təminatındakı inhisarını zəiflədir. Hər iki ölkə hərbi və siyasi sahədə güclü mövqelərini qorusa da, yeni marşrut Dəməşqə alternativ təsir kanalını təqdim edir. Bu isə Suriyanın xarici siyasətini balanslaşdırmağa və onun köhnə havadarlardan asılılığını azaltmağa imkan yaradır.
İkincisi, layihə Suriyanın beynəlxalq siyasi sistemə qayıdışı istiqamətində real addım sayılır. Formal olaraq sanksiyalar qüvvədə qalsa da, Türkiyə və Azərbaycan kimi Avropa İttifaqı, NATO, İƏT və OPEK+ ilə sıx əlaqələri olan dövlətlərlə birgə infrastruktur layihəsində iştirak Dəməşqi yenidən diplomatik platformalara yaxınlaşdırır. 2025-ci ilin iyulunda Aİ Türkiyə və Azərbaycan nümayəndələri ilə qazın humanitar cəhətdən həssas zonalarda bölgüsü ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparıb.
Üçüncüsü, layihə miqyas baxımından genişlənmə potensialına malikdir. Boru kəmərinin Livan, İordaniya və hətta Misirin şimalına uzadılması barədə müzakirələr artıq Ərəb Dövlətləri Liqasının iyul ayındakı qapalı məsləhətləşmələrində gündəmdədir. Bu isə Azərbaycanı təkcə qaz ixracatçısı deyil, strateji tərəfdaş statusuna yüksəldə biləcək yeni enerji oxunun yaradılmasına gətirib çıxara bilər.
Texniki risklər də diqqətdən kənarda deyil. Layihənin tam həyata keçirilməsi üçün Suriyada ən azı 220 km, Türkiyədə isə 75 km yeni boru kəmərinin tikintisinə ehtiyac var. Mühəndis-axtarış işləri yalnız bu ilin mayında başlanıb və ən nikbin ssenariyə əsasən istifadəyə verilmə 2027-ci ilin sonuna qədər mümkün deyil.
Azərbaycansa ixrac imkanlarını möhkəmləndirir və siyasi təsir coğrafiyasını genişləndirir. Türkiyə logistik mərkəz kimi rolunu artırır və infrastruktur gücünə çevrilir. Suriya isə həyat təminatı sahələrinin bərpası və sosial sabitliyə dönüş fürsəti əldə edir.
Azərbaycan - Türkiyə - Suriya layihəsi sadəcə bir boru kəməri deyil. Bu, siyasi transformasiyanın, enerji suverenliyinin və geoiqtisadi inteqrasiyanın xəttidir. Parçalanmış dünyanın və ölkələrarası inamsızlığın hökm sürdüyü bir dövrdə bu layihə sübut edir ki, praqmatik yanaşma bərpa və inkişaf üçün real zəmindir. Layihə bərpa, əməkdaşlıq və praqmatik diplomatiya simvoludur. 2025-ci ilin avqustundan etibarən Azərbaycan qazı Hələb və Homs şəhərlərinə çatmağa başladıqda, regionun tarixində yeni bir fəsil açılacaq. Bu təşəbbüs göstərir ki, mürəkkəb geosiyasi mənzərədə ortaq maraqların və qarşılıqlı faydalı layihələrin axtarışı dayanıqlı sülhə və rifaha aparan yeganə yoldur.
Türkiyə - əsas enerji qovşağı rolunda, Azərbaycan - etibarlı təchizatçı kimi, Suriya isə bərpa yolunda ilk addımlarını ataraq - birlikdə yeni bir regional qarşılıqlı fəaliyyət paradiqmasını formalaşdırırlar. Bu paradiqma, şübhəsiz ki, beynəlxalq ekspertlər və qərarvericilər tərəfindən uzun illər analiz ediləcək.
Bu layihə təkcə suriyalıların evlərinə işıq və istilik gətirmir. O həm də Yaxın Şərqdə sülh yolu ilə inkişaf və regional inteqrasiyanın mümkünlüyünə işıq salır. Azərbaycanın diversifikasiya olunmuş enerji siyasəti və etibarlı tərəfdaşlıqları sayəsində bu layihə sadəcə resurs ixracı deyil, həm də sabitliyin ixracına çevrilir. Humanitar fəlakətlərin dərinləşdiyi bir dövrdə, bu kimi təşəbbüslər artıq yalnız iqtisadi deyil - yeni, məsuliyyətli geosiyasətin göstəricisinə çevrilir.