Ötən gün 8 milyon manat vergi borcu olan şirkətlə satınalma müqaviləsi imzalamış "Naxçıvan Yol Təchizat” MMC daha bir tenderinin nəticəsini açıqlayıb.
Bu dəfə MMC maşın və mexanizmlərin satınalınmasını həyata keçirəcək.
7 milyon 480 min 855 manatlıq müqavilənin icrası isə "AZ-TEX-IMPORT” MMC-yə həvalə olunub.
Açıq mənbələrdə qeyd edilir ki, "Naxçıvan Yol Təchizat” MMC həmin məbləğə 20 ədəd texnika alacaq. Onların arasında 1 ədəd avtokar (yükləyici), 1 ədəd monipulyator, 3 ədəd Kəpçə, 1 ədəd yol cizgi boya makinası, 1 ədəd yükləyici kon, 1 ədəd təkərli ekskavator, 3 ədəd avtoqreyder, 2 ədəd yüksək tonnajlı ekskavator, 2 ədəd torpaq vərdənəsi , 3 ədəd 4 tonluq, 1 ədəd 14 tonluq asfalt vərdənəsi və 1 ədəd asfalt yayan alınacağı qeyd edilib.
Tenderin qalibi olmuş "AZ-Tex-İmport” MMC-yə gəldikdə bildirək ki, bu şirkət ölkədə "İveco” avtomobillərinin istehsalçısı olaraq tanınır. İran və Türkmənistana maşın ixrac edən şirkətin rəhbəri Samir İbadullayevdir.
Qeyd edək ki, son 18 ay ərzində sözügedən şirkət 12 tenderə qatılıb və qalib olub. MMC-nin ən bahalı satınalma müqaviləsi Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC bağlanılıb. Həmin tenderlərdən birinin dəyəri (nəqliyyat və xüsusi texnikaların satın alınması) 7 milyon .212 min manat, digəri isə (Kommunal təyinatlı texnikaların satın alınması) 31 milyon 400 min manat təşkil edib.
Lakin şirkətin digər bahalı tendderləri də var. Tribunainfo.az-ın açıq mənbələr üzrə apardığı araşdırma zamanı bəlli olub ki, "Az-Tex-İmport” İnnovasiya və Təchizat Mərkəzinə 15 milyon 874 min 714 min manatlıq yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri satıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinə isə xüsusi təyinatlı texnikanın və konteynerlərin satılmasına dair müqavilənin dəyəri 6 milyon 930 min manat olub.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
