AZ

Ali məktəblərə qəbul qruplar üzrə deyil, ixtisaslar üzrə aparıla bilər? - AÇIQLAMA

Belə bir təklif var ki, ali məktəblərə qəbul qruplar üzrə deyil, ixtisaslar üzrə olsun.

Belə dəyişikliyə ehtiyac varmı?

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, belə qərarların qəbul edilməsi üçün təhlillərin və araşdırmaların aparılmasına ehtiyac var:

"Yəni bu cür qərarları biz kiminsə şəxsi mülahizəsi və düşüncəsi əsasında qəbul edə bilmərik. Mən düşünürəm ki, mütləq şəkildə təcrübənin öyrənilməsinə, araşdırılmasına, baxılmasına ehtiyac var. Ondan sonra biz qərara gələ bilərik və deyə bilərik ki, hansı daha effektivdir. Bunu ciddi bir formada təhlil etmək lazımdır. Mən hesab edirəm ki, hazırkı dövrdə qruplar üzrə prosesin getməsi daha məqsədəuyğundur".

Deputatın fikrincə, qrup bölgüsü aparılıb bu bölgülərlə getmək daha effektivdir.

"Ciddi təhlil aparılaraq, əgər qənaətə gəlinsə ki, bu, daha effektiv ola bilər, o zaman biz bu barədə düşünərək müəyyən qərarlar qəbul edə bilərik. Bu prosesdə ümumiyyətlə tələsməməliyik. İndi biz tez-tez müxtəlif rəyləri, müxtəlif baxışları, müxtəlif düşüncələri müşahidə edirik. Düşünmədən, araşdırılmadan qərarın qəbul edilməsi müəyyən əks effekt də verə bilər", - deyə C.Məmmədov bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
17
redaktor.az

1Mənbələr