AZ

Xarici şirkətlər Azərbaycanın sənaye zonalarına investisiyaları artırır

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında bu günədək 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyatdan keçib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq agentlikdən bildirilib.

"Sənaye zonalarında İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Çin, Pakistan, Türkiyə, Bolqarıstan, Litva, Özbəkistan, Rusiya, İran və digər ölkələrdən olan şirkətlər müxtəlif sahələr üzrə istehsal fəaliyyəti ilə məşğuldur. Onların fəaliyyət istiqamətləri arasında tikinti kimyəvi vasitələri, keramik plitələr, mühərrik və sənaye yağlarının təkrar emalı və baza yağlarının istehsalı, kalium sulfat gübrəsi, elektrik avtomatları və sayğacları, dəri məmulatları, mətbəx avadanlıqları (tava və qazan), bioloji aktiv qida əlavələri və dərman vasitələri, avtomobil hissələri və nəqliyyat vasitələri kimi sahələr yer alır", - məlumatda deyilir.

Bu ilin ilk 7 ayı ərzində sənaye zonalarında 4 yeni xarici kapitallı şirkət rezident kimi qeydə alınıb. Bu şirkətlər Çin, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri mənşəlidir. Onlar tərəfindən təqdim edilən layihələrin ümumi dəyəri 200 milyon manatdan çoxdur. Yeni layihələr çərçivəsində tekstil klasterinin yaradılması, lift və transformator istehsalı, eləcə də elektrik avtobuslarının istehsalı nəzərdə tutulur. Bu layihələr nəticəsində təxminən 3 000 yeni iş yerinin yaradılması planlaşdırılır.

Agentlikdən qeyd olunub ki, sənaye zonalarında sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanlarından həm yerli, həm də xarici investorlar bərabər şəkildə faydalana bilirlər.

Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyi Prezident İlham Əliyevin 22 yanvar 2021-ci il tarixli “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı əsasında “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin bazasında publik hüquqi şəxs kimi yaradılıb və həmin il dövlət qeydiyyatına alınıb. Hazırda agentliyin idarəçiliyində 8 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.

Seçilən
26
1
report.az

2Mənbələr