Misirdəki 4 min 400 illik bir məzarda aşkar edilən sirli qapı, ölüm sonrası həyata dair qədim inanclara işıq tutur.
Sherg.az xəbər verir ki, arxeoloqlar 4 min 400 il yaşı olan qədim bir Misir məzarını araşdırarkən mühüm bir kəşfə imza atıblar.
Adı daha öncə məlum olmayan Userefre adlı bir şahzadənin yeraltı məzarında bu günə qədər Misirdə tapılmış ən böyük “saxta qapı” aşkar edilib – çəhrayı qranitdən hazırlanmış nəhəng bir qapı.
Heç yerə açılmayan qapı nə deməkdir?
Hündürlüyü 4,5 metr, eni 1,15 metr olan bu qapı funksional görünsə də əslində açılmır.
Mütəxəssislər bildirirlər ki, bu quruluş dərin mənəvi məna daşıyır və ölənin ruhunun o biri dünyaya keçidi üçün simvolik bir keçid rolunu oynayır.
Bu “keçid” qədim misirlilərin əbədi rahatlığa çatmaq üçün nə qədər vaxt və resurs sərf etdiklərini göstərir.
Kəşf, Misirin Saqqara nekropolunda, Qədim Əsərlər üzrə nazir Dr. Zahi Havassın rəhbərlik etdiyi qazıntı qrupu tərəfindən aparılıb.
Qapının üzərində titullar yazılıb
Qapının üzərində Şahzadə Userefreyə aid olan və diqqətçəkən titul və vəzifələri ifadə edən hiyeroqlif yazılar yer alır. Bunlar arasında “İrsi Şahzadə”, “Buto və Nekhbet vilayətlərinin valisi”, “Kral katibi”, “Vəziri”, “Hakim” və “İlahi oxucu” kimi titullar var.
Bu qədər çox unvana malik olmasına baxmayaraq, şahzadənin özü və onun məzarı elmi ictimaiyyətə indiyədək məlum deyildi.
Saxta qapı necə istifadə olunurdu?
Kembric Universitetindən Dr. Melanie Pitkin daha əvvəl verdiyi açıqlamada, saxta qapıların ölənin bu dünya ilə o biri dünya arasında gedib-gəlməsini təmin edən keçidlər kimi dizayn edildiyini bildirmişdi.
Pitkin: “Yaxınları və kahinlər saxta qapının qarşısında toplanaraq ölənin adını və nailiyyətlərini uca səslə oxuyar, ona adaklar təqdim edərdi” – deyib.
İnanclara görə, mərhum bu məzar içində, bu dünya ilə o biri dünya arasında sehrli şəkildə hərəkət edərək, təqdim edilən yemək və içkiləri qəbul edər və o biri dünyadakı varlığını davam etdirərdi.
Saxta qapıdan əlavə, arxeoloqlar yenə çəhrayı qranitdən yonulmuş heykəllərlə bəzədilmiş 13 ədəd hündür kürsülü stul da aşkar ediblər.
Çəhrayı qranit xüsusi məna daşıyır
Misir məzarlarında tapılan saxta qapıların əksəriyyəti o dövrdə bol olan əhəngdaşından hazırlanmışdı.
Ancaq çəhrayı və qırmızı qranit nadir tapılan material idi və təxminən 650 kilometr uzaqlıqdakı Asvan bölgəsindən çıxarılıb gətirilməli olurdu.

Bu səbəbdən yalnız kral ailəsi üçün ayrılmışdı.
Bu xüsusi saxta qapının heyranedici ölçüsü, şahzadə Userefrenin kral iyerarxiyasında tutduğu yüksək mövqeyi əks etdirir.
Alimlər hələ də Şahzadə Userefrenin əsl dəfn olunduğu məzar otağını tapmağa çalışırlar.