Qərbin barışmaz təmsilçiləri – “Turan Tovuz” ilə “Kəpəz” da “qaçqın” həyatı yaşayacaq. Tovuzluların ev oyunlarını “Azərsun Arena”da, gəncəlilərin isə Qəbələ şəhər stadionunda keçiriləcəyi təsdiqləndi. Əslində“Kəpəz”in qərarı müəyyən mənada gözlənilən idi. Çünki gəncəlilər iki mövsüm əvvəl də o stadionda oynamışdı. Tovuz təmsilçisinin Suraxanını seçməsi isə bir qədər gözlənilməz idi. Ötən mövsüm elitada ev oyunlarında ən çox azarkeş toplayan “boz qurd” mövsümün ən azı ilk dövrəsində böyük dəstəkdən məhrum olacaq.
Bəs “Ultras Turan” necə düşünür? Tofiq Bəhrəmov adına Respublika stadionuna 1200 nəfərlik ordu ilə gələn azarkeş qrupu bir müddət ev oyunlarını “Azərsun Arena”da keçirəcək komandalarına dəstək olacaqmı? Ümumiyyətcə bu qərarı necə qarşıladılar? B
u barədə “Ultras Turan”ın rəhbəri Kamal Saqqayev danışdı:
“Bu qərar, yəni“Azərsun Arena”da oynamaq bizim üçün də surpriz oldu. Amma biz sevinirik. Çünki Tovuz şəhər stadionu təmirə bağlanıb. Süni otdan canımız qurtulur. Komandamız təbii örtükdə oynayacaq. Bu amil Azərbaycan futboluna xeyirli olacaq. “Turan Tovuz”un ordusu həmişə var. “Ultras Turan” olaraq, həmişə komandamızın yanındayıq. Komandamız harda, biz də orda. İndidən hazırlıq gedir. Təxminən 400 azarkeş bununla bağlı müraciət edib.“Turan Tovuz”un səfərdə, ya da evdə oynaması bizə fərq etmir. İlk oyunda da bunu görəcəksiz. Komandamıza uğurlar arzulayırıq, həmişə yanındayıq”.
Doğma Gəncədən didərgin düşən “Kəpəz”, deyəsən, uzun müddət Qəbələdə oynayacaq. “Xəmsə”nin rəhbərlərindən olan Müşfiq Məmmədov da bu haqda danışdı:
“Komandamızın harda oynamasından asılı olmayaraq, bütün oyunlarda olacağıq, necə ki son iki mövsümdə bir oyun belə buraxmamışdıq. Ümumi azarkeş sayına görə yaxın stadion olsaydı, yaxşı olardı, amma təəssüf ki, yaxında stadion yoxdu. Gözləntimiz Yevlax şəhər stadionu hazır olandan sonra orda oynamaqdı. Düşünürəm ki, Yevlax təmsilçisi “Karvan”la üst səvviyyədə razılığa gələ bilərlər. Yevlaxda örtük süni olacaq deyə, yəqin ki, oktyabra kimi bitər. Gəncədəki stadion mart-aprel aylarında hazır olar”.
Xatırladaq ki, digər bölgə təmsilçilərindən “Karvan-Yevlax” Şamaxıda, “İmişli” Qubada oynayacaq. “Araz-Naxçıvan” isə bu mövsüm də Mərdəkanı “təmsil edəcək”.
MÜZƏFFƏR QULUZADƏ