AZ

Fransada “Duplomb” qanununa qarşı petisiya 2 milyon imzanı ötüb

Paris, 30 iyul, AZƏRTAC

Fransada kənd təsərrüfatı sahəsində böyük mübahisələrə səbəb olan “Duplomb” qanununa qarşı petisiya artıq 2 milyon imzanı ötüb. Petisiya Milli Assambleyanın rəsmi saytında yerləşdirildiyi gündən cəmi səkkiz gün ərzində bu göstəriciyə çataraq güclü ictimai etirazın göstəricisinə çevrilib. Qanunun qəbuluna qarşı çıxanlar, onu ətraf mühitin qorunması və insan sağlamlığı ilə ziddiyyət təşkil edən bir sənəd kimi qiymətləndirirlər.

AZƏRTAC xəbər verir ki, 2024-cü ilin qışında baş verən fermer etirazlarına cavab olaraq hazırlanan bu qanun, sağ mərkəzçi senatorlar Loran Duplomb (LR) və Frank Menonvilin (UDI) təşəbbüsü ilə irəli sürülüb. İyulun 8-də Milli Assambleyada 316 lehinə, 223 əleyhinə baş tutan səsvermə ilə qəbul edilib.

Qanun 2018-ci ildən Fransada qadağan olunmuş pestisid - asetamipridin şərti şəkildə istifadəsinə yenidən icazə verilməsi, sənaye tipli heyvandarlıq fermalarının təşviqi kimi ekoloji cəhətdən mübahisəli layihələrin asanlaşdırılması kimi dəyişiklikləri nəzərdə tutur.

İyulun 27-də petisiya 500 min imza həddini keçdi – bu isə qanun üzrə parlamentdə ictimai debatın (səsverməsiz) keçirilməsi imkanını yaradır. Bu petisiya kənd təsərrüfatı siyasətinin dəyişdirilməsini istəyən və ətraf mühitin qorunmasını irəli sürən çoxsaylı vətəndaş, elmi cəmiyyətlər, sol partiyalar və ekoloji təşkilatlar tərəfindən dəstəklənir.

Solçu deputatlar və senatorlar, iyul ayının ortasında qanundan Konstitusiya Şurasına şikayət ediblər. Onlar iddia edirlər ki, bu qanun ətraf mühitin qorunması prinsiplərinə ziddir, sağlamlıq hüququnu risk altına qoyur və Milli Assambleyada şəffaf və demokratik müzakirəyə imkan verilmədən qəbul edilib. Xüsusilə vurğulanır ki, qanuna heç bir düzəliş təklifi müzakirə olunmayıb, çünki təklifin tərəfdarları onu birbaşa qəbul etdirərək müxalifətin maneəçilik taktikasından yan keçiblər.

Qanuna Konstitusiya Şurasının avqustun 7-də rəy verməsi gözlənilir. Bu qərar qanunun tətbiqi və ya dayandırılması ilə bağlı həlledici mərhələ olacaq.

“Duplomb” qanunu ətrafında yaranan narazılıq Fransada kənd təsərrüfatı siyasəti ilə ətraf mühit arasında balansın nə qədər incə və gərgin olduğunu bir daha göstərir. İctimai etirazın artması və petisiyanın bu qədər geniş dəstək qazanması, vətəndaşların bu sahədə daha məsuliyyətli və davamlı siyasət tələb etdiyini ortaya qoyur.

Seçilən
10
1
azertag.az

2Mənbələr