ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sərgilədiyi son ritorika və konkret olaraq 50 günlük möhləti 10-12 günə endirməsi beynəlxalq gündəmdə rezonans doğurub. Bu, həm Moskva üzərində psixoloji və siyasi təzyiq vasitəsi kimi, həm də Trampın xarici siyasətdəki iddialı mövqeyini nümayiş etdirmək cəhdi kimi şərh olunur. Bəs bu addımın arxasında hansı real niyyətlər dayanır? Trampın bu gedişi Kreml üçün kompromisə gəlmək məcburiyyəti yarada bilərmi? Yoxsa bu, daha çox daxili auditoriyanı qane etmək məqsədi daşıyır?

Moderator.az-a danışan politoloq Natiq Miri bildirib ki, Trampın Rusiyaya verdiyi möhlətin 10 -12 günə endirilməsi bu bir öncəliklə qənaətdir. Onun sözlərinə görə, ABŞ prezidentinin artıq ciddi şəkildə gəldiyi bir qənaətdir ki, bu günlə 50 gün sonrakı Rusiyanın müharibəni dayandırmaqla bağlı fikri eyni olacaq:
“ Bu da ondan irəli gəlir ki, Donald Trampı inandırıblar ki, Rusiya bu günə qədər bütün danışıqlar prosesində istər ABŞ- Rusiya, istər Ukrayna- Rusiya arasındakı danışıqlarda yalnız görüntü xarakterli və prosesləri manipulyasiya etmək üçün iştirak edib. Çünki konkret heç bir ciddi nəticə yoxdur və belə olduğu təqdirdə bu möhlətin 50 günə qədər uzadılması sadəcə daha artıq itkilərin verilməsindən başqa bir işə yaramayacaq. Bu baxımdan bu cür qənaətdən sonra artıq 10 -12 gün məhdudiyyəti yaradılıb ki, bu da həm də mesajdır ki, 12 gündən sonra Rusiyanın konkret mövqeyi ortada olmasa, Kremlə qarşı sanksiyaların tətbiq olunma mexanizmi hərəkətə gələcək.
Bu gün Trampın ən böyük çətinliklə qarşılaşdığı məsələ Rusiya- Ukrayna müharibəsidir. Ona görə də Rusiya- Ukrayna müharibəsini həll etdiyi təqdirdə Trampın qlobal səviyyədə bir sülh göyərçini obrazı formalaşacaq ki, nəticə etibarı ilə bununla da Donald Tramp tarixə düşmək və Nobel sülh mükafatını almaq istəyindədir.
Ona görə də əlbəttə ki, hər bir halda bu, Rusiyaya təzyiq mexanizm edir və verilən konkret 10- 12 gündən sonra Amerika Birləşmiş Ştatlarında sanksiyalarla bağlı hərəkətə keçiriləcəyi böyük ehtimaldır. Çünki bu yöndə artıq bütün ABŞ rəsmiləri, ABŞ Dövlət Departamenti də, o cümlədən Senat və Konqres Nümayəndələr Palatası da ciddi şəkildə danışmağa başlayıb. Donald Tramp hər şeydən öncə Amerika siyasətini tətbiq edən bir dövlət başçısıdır və bu baxımdan fikir verirsinizsə, Ukraynaya veriləcək strateji silahların öncə Avropa Birliyi tərəfindən ödənilməsini tələb edir. Hər hansı bir yardımdan söhbət getmir. Sadəcə Rusiya ilə bağlı böyük xəyal qırıqlığına uğrayan Donald Tramp anlayır ki, indiki vəziyyətdə həm ABŞ ictimai rəyi, həm də bütün dövlət strukturları Ukraynanı müdafiə etmək tərəfdarı kimi görsənirlər. Buna görə həm daxili auditoriya, həm də dövlət dövlət strukturları, o cümlədən özünün administrasiyasının əleyhinə getməmək üçün Ukraynaya həm silah satması, həm də bu kontekstdə Rusiyaya dirənə bilməsi üçün addımlar atır və bir də bu ərəfədə Amerika Birləşmiş Ştatlarının Böyük Britaniyada nüvə silahlarının yerləşdirilməsi planını da düşünür. Bu da Rusiyaya verilən ciddi bir mesaj və təzyiq mexanizmidir”.
Politoloqun fikirincə, atılacaq addımlar, Rusiyanı iqtisadi cəhətdən “ağrıdacaq” addımlar ola bilər:
“ O ki qaldı Ukrayna üçün hansı real üstünlüklər yarada bilməsi məsələsinə Ukraynanın əsas gözləntisi sanksiyaların simvolik deyil, real hərbi fəaliyyətə təsir edən sahələrə yönəldilməsidir. Yəni, Rusiya müharibəni davam etdirmək imkanlarından məhrum edilməlidir.Yəni burada müdafiə sənayesindən tutmuş bir çox sənaye obyektləri, eyni zamanda enerji satışı, xüsusilə də neft satışı ilə bağlı məhdudiyyətlər və paralel olaraq bir də qeyri qanuni neft satışının qarşısını almaq üçün bir çox dənizlərdə ABŞ qoşunlarının donanmasının yerləşdirilməsi kimi tələblər ortalığa qoyulmalıdır. Yəni sanksiyanı tətbiq etmək məsələnin bir işidir. Məsələnin başqa bir tərəfi bunu Rusiya üçün ağrılı ola bilməsi üçün icra mexanizmlərinin yaradılmasıdır. Yoxsa ki, kağızda sanksiyalar Rusiya üçün aşağı yuxarı, elə bir ciddi itkilər ortalığa qoymayacaq. Ona görə Rusiya çox böyük iqtisadi maliyyə itkiləri ilə üzləşməlidir ki, müharibəni davam etdirmək üçün maliyyə tapmaq imkanları məhdudlaşsın. Çünki müharibə maliyyə tələb edir və bu maliyyələr olmadığı təqdirdə Rusiya əlbəttə ki, çox çətin bir vəziyyətə düşəcək və özünün müttəfiqi dırnaqarası saydığı müttəfiq ölkələrdən asılı vəziyyətə düşəcək. Yəni proseslər ona doğru gedir. Ona görə də sanksiyalar tətbiq olunursa, bunun ciddi icra mexanizmləri və nəzarəti olmalıdır ki, Rusiya üçün ağrılı olsun bu sanksiyalar əks təqdirdə bunun Ukrayna üçün elə bir yararı olmayacaq. Kremlin indiki vəziyyətdə geri addım atması gözlənilmir. Çünki Rusiya prezidentinin konkret yay hücum əməliyyatları ilə bağlı hədəfləri var və bu nəticəni görmədən hansısa geri addımlardan söhbət gedə bilməz”.
N.Miri hesab edir ki, Rusiyanın cavabı bəllidir. Yəni eskalasiyanı daha da şiddətləndirməkdir. Rusiya Ukraynanın mərkəzi şəhərlərini, hərbi sənaye kompleksini və infrastrukturu daha intensiv bombardman etməklə güc nümayişi ortalığa qoyacaq:
“Yəni bu, bir növ ABŞ- ın bu addımına qarşı bu cür güc nümayişi ortalığa qoyacaq. O ki qaldı iqtisadi sanksiyaların hərbi qarşıdurmaya çevrilmə riskinə, düşünürəm ki, belə bir risk mövcud deyil. Bunu nə Rusiya, nə də Amerika Birləşmiş Ştatları istəmir. Sadəcə olaraq müharibənin dayandırılması üçün ABŞ addımlar atır ki, bu addımların başında da əsasən iqtisadi sanksiyalar durur. Buna görə də bunun hərbi qarşıdurmaya çevrilmə ehtimalı çox aşağıdır. Çünki tərəflər birbaşa qarşı -qarşıya gəlmək maraqlarından çox uzaqdadırlar. Rusiya bu gün Ukraynanın bataqlığında batarkən, bir də ABŞ kimi hegemon gücü qətiyyən qarşısına almaq istəməz. Çünki ABŞ- ın qarşısını almaq NATO nun qarşısını almaq deməkdir. Ona görə belə belə bir məsələ istisnadır”.
Mehin Mehmanqızı