Musiqi platformaları istifadəçi sayılarında artım müşahidə olunsa da, mənfəətlilik baxımından çətinliklər yaşamaqda davam edir.
Valyuta.az xəbər verir ki, şirkətin həm ödənişli, həm də pulsuz istifadəçi sayında artım qeydə alınsa da, "Spotify" bu dövrdə yenidən zərər etdiyini bildirib.
Açıqlanan rəqəmlərə əsasən, "Spotify"ın ödənişli abunə sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 276 milyona çatıb. Aylıq aktiv istifadəçi sayı isə 11 faiz artımla 696 milyona yüksəlib. Şirkətin ümumi gəliri illik müqayisədə 10 faiz artaraq 4,2 milyard avroya çatıb.
Artan istifadəçiyə baxmayaraq zərər davam edir
"Spotify"ın brüt mənfəət marjası 31,5 faiz səviyyəsində olub. Bu göstərici ötən ilin ikinci rübü ilə müqayisədə 2,27 faiz bəndi yüksəlib. Lakin 406 milyon avro səviyyəsində olan fəaliyyət gəliri gözləntilərin altında qalıb. Bunun səbəbləri arasında səhmlərin dəyərinin artması ilə yüksələn sosial xərclər, əməkhaqqı yükü və gəlir bölgüsündəki dəyişikliklər göstərilib.
Şirkət bu rübdə qarşılaşdığı ən böyük maliyyə yükünün məhz sosial xərclər olduğunu qeyd edib. İsveç mənşəli şirkət olduğu üçün səhmlərin dəyəri artdıqca hökumətə ödənilən sosial təminat töhfələri də artır. Bu sistem İsveçdə sosial rifah proqramlarını maliyyələşdirmək məqsədilə tətbiq olunur.
"Spotify" həmçinin ödənişli abunəliklərdəki artımın bir hissəsinin "App Store" qaydalarında edilən dəyişikliklə əlaqəli olduğunu bildirib. Artıq mobil tətbiq daxilində birbaşa ödəniş keçidlərinə icazə verilir.
Sərvanə Rəmixanova