Hazırda həbsdə olan Ermənistan parlamentinin deputatı Artur Sarkisyana qarşı yeni cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, O, Sisyan (keçmiş adı Qarakilsə) icmasının rəhbəri olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadədə və korrupsiya əməlində ittiham olunur.
İstintaqın məlumatına görə, 2021-ci ilin sentyabrında Artur Sarkisyan 4,6 hektar sahəsi olan örüş torpağının açıq hərrac yolu ilə satılmasını təklif edərək layihəni icma Şurasına təqdim edib.
Hərrac nəticəsində torpaq cəmi 661 min dram (təxminən 1650 ABŞ dolları) müqabilində satılıb.
Halbuki Ermənistan DİN-in məlumatına görə, həmin torpağın bazar dəyəri təxminən 16 milyon dram (40 min ABŞ dolları) olub. Bu səbəbdən də iş Antikorrupsiya Komitəsinə göndərilib.
Qeyd edək ki, iyul ayının əvvəlində Artur Sarkisyan artıq başqa bir ağır ittihamla əlaqədar olaraq 2 ay müddətinə həbs edilmişdi. Məhkəmə onun istintaqa təsir edə biləcəyini əsas gətirərək həbs-qətimkan tədbiri seçmişdi. Həmçinin, onun yaxın qohumları və vəkili istisna olmaqla, digər şəxslərlə ünsiyyəti məhdudlaşdırılıb.
Əvvəlki iş üzrə Artur Sarkisyana qarşı “konstitusiya quruluşunun zorla dəyişdirilməsi məqsədilə terror aktlarının hazırlanması” ittihamı irəli sürülüb.
Beləliklə, hazırda deputat həm dövlətə qarşı terror planı hazırlamaqla, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə və mülkiyyətin qanunsuz mənimsənilməsi ittihamları ilə istintaqa cəlb olunub. İstintaq hər iki iş üzrə davam edir.
Bizim.Media