AZ

Türkiyə-Qazaxıstan münasibətləri strateji tərəfdaşlığa çevrilir

Başa çatmaqda olan ayın ən mühüm hadisələrindən biri Qazaxıstan prezidenti Qasımjomərd Tokayevin Türkiyəyə səfəri və iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi oldu. Ankara hava limanında Tokayevin şəxsən prezident Ərdoğan tərəfindən olduqca səmimi səviyyədə qarşılanması Ankara-Astana münasibətlərində yeni inkişaf dövrünün başlanacağının növbəti nümayişinə çevrildi. Ankarada keçirilən Türkiyə- Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında müzakirə edilən məsələlər və imzalanan ikitərəfli sənədlər də iki ölkə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdirildiyini bir daha təsdiq etdi. Belə ki, Ankarada tərəflər arasında imzalanan 20-dən artıq sənəd iki ölkə münasibətlərində hərbi, strateji, iqtisadi əlaqələrin inteqrasiyasına verilən önəmli bir hadisə hesab edilə bilər.

Yeri gəlmişkən qeyd edək ki, ötən il Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 5 milyard dollar olub. Məsələnin bu tərəfinə diqqət yetirən Ərdoğan iclasda bildirib ki, yaxın illərdə Qazaxıstanla ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılacağı gözlənilir. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinin azı 3 dəfə artırılması deməkdir.

Diqqəti cəlb edən və Türkiyə-Qazaxıstan münasibətlərinin ən yksək səviyyədi inkişafına göstərən digər bir amil isə Ərdoğan tərəfindən Tokayevə Türkiyə Respublikasının ən yüksək dövlət mükafatı – Dövlət Nişanı ordeninin təqdim edilməsi olub. Ordenin təqdim etmə mərasimində çıxış edən Ərdoğan Tokayevin liderliyi altında Qazaxıstanın beynəlxalq aləmdə güclü və qüdrətli dövlətə çevrildiyini xüsusi vurğulayıb. O Tokayevin Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində çalışdığını və bunun iki qardaş ölkə arasında münasibətlərin inteqrasiyasında önəmli rol oynadığını diqqətə çatdırıb.

Tokayev də öz növbəsində bu vaxta kimi heç bir dövlətin ali mükafatını qəbul etmədiyini, ancaq Türkiyənin ən yüksək ordeniniə layiq görülməsini özü üçün şərəf hesab etdiyini söyləyib. O buna görə Türkiyə prezidentinə və Türkiyə xalqına təşəkkürünü bildirib: “Mən yerli və ya xarici ordenləri və digər mükafatları qəbul etməkdən imtina etmişəm. Lakin bu gün verdiyiniz qərarın xüsusi əhəmiyyəti var. Bu, Qazaxıstan-Türkiyə əməkdaşlığının salnaməsində əlamətdar tarixi hadisədir. Siz iki xalqın əsas sərvətini – məndən bu nəsildən-nəslə ötürülən dostluq və qardaşlıq tellərini möhkəmlədən əcdadlarımızın vəsiyyətlərinə qəti sadiqliyinizi bir daha təsdiqlədiniz”.

Yeri gəlmişkən onu da deyək ki, Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvlərindən olan Qazaxıstan bu qurumun beynəlxalq səviyyədə nüfuzunun artırılması üçün var-gücü ilə çalışır. Qazaxıstan ümumiyyətlə Türk dövlətlərinin inteqrasiyasında mühüm rol oynayan Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Akademiyası kimi qurumlar çərçivəsində keçirilən tədbirlərdə fəal şəkildə iştirak edir.

Analitiklərin fikrincə, Tokayevin Ankaraya səfəri və onun orada apardığı danışıqlar hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bir daha təsdiq etdi. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Tokayevın Ankaraya səfərinin həinki, Türkiyə ilə Qazaxıstan, həm də bütün türk dünyası üçün önəmli bir hadisə olduğunu, eyni soya eyni kökə malik xalqların inteqrasiyasına verilən əvəzedilməz töhfə kimi dəyərləndirib.

Öz növbəsində politoloq Rasim Musabəyov da Tokayevin Ankaraya səfərinin və orada apardığı danışıqların Türk dünyası arasında bütün sahələr üzrə inkişaf etdiriləcəyinə, beynəlxalq aləmdə Türk Dövlətləri Birliyinin beynəlxalq aləmdə nüfuzunu daha da artıracağını söyləyib.

Təbii ki, Tokayevin Ankaraya səfəri Rusiya tərəfindən narahatlıqla qarşılanıb. Rusiya mətbuatı Türkiyə-Ankara münasibətlərinin inkuişaf etdirilməsini və Tokayevin səfəri zamanı iki ölkə arasında 20-dən çox sənədin imzalanmasını Moskvanın Mərkəzi Asiyadan sıxışdırılılb çıxarılması kimi dəyərləndiriblər. Belə bir fikir vurğulanıb ki, Türkiyənin Mərkəzi Asiyada möhkələnməsi və öz təsirini artırması yol verilməzdir və Rusiya buna qarşı cavab tədbirləri həyata keçirməlidir. Bunula belə hadisələrin gedişi göstərir ki, faktiki olaraq Rusiyanın bölgədə baş verənlərə müdaxilə etmək cəhdi çətin ki, bir nəticə versin. Belə ki, Türk dövlətləri arasında inteqrasiya qarşısı alınmaz prosesdir və bu proses daha yüksək səviyyədə davam edəcək.

Əziz MUSTAFA

Seçilən
5
oxumeni.az

1Mənbələr