AZ

İranda türk düşmənçiliyi yenidən gündəmdə – Prezident hədəfdə - ÖZƏL

Tehranlı karikaturaçı Hadi Heydərinin karikaturasında Prezident Məsud Pezeşkian və türk milləti təhqir olunub. Karikaturada Pezeşkian "Birlik" yazılmış eşşəyə tərs mindirilmiş halda təsvir edilib. 

Pezeşkianın seçilməsindən sonra türklərə qarşı bu cür təxribatların artması nə ilə bağlıdır və bu, İranın daxili sabitliyinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 

"  İranda ümumiyyətlə fars şovinistləri hər fürsətdə türkləri alçatmağa çalışırlar və təxminən 20 il əvvəl, ondan sonrakı dövrlərdə də biz bu tipli təxribatların şahidi olmuşuq. Türk millətini alçaldan karikaturalar çəkildi və bu da İranda çox ciddi etirazlara səbəb oldu.
Nəzərə alsaq ki, keçən il keçirilən prezident seçkilərində İranda yaşayan türklərin təmsilçisi olan Pezeşkianın prezident seçilməsində türklərlə yanaşı digər milli azlıqlar da aktiv şəkildə iştirak etdilər və onların mütləq əksəriyyəti Pezeşkiana səs verdi. Pezeşkianın birillik fəaliyyəti onu göstərdi ki, o, molla rejimindən fərqli olaraq daha yumşaq siyasət yürütməyin tərəfdarıdır. Eyni zamanda qonşu dövlətlərlə münasibətlərin normallaşmasını istəyir və bu da İranda siyasi elita daxilində ciddi fikir ayrılıqlarına səbəb olub.
Bundan başqa, Pezeşkian bir neçə rəsmi tədbirdə öz ana dilində şeirlər səsləndirib və İran Konstitusiyasına uyğun olaraq İranda yaşayan türklərin, eləcə də digər etnik qrupların ana dilində təhsil məsələlərini gündəmə gətirib. Bu da, qeyd etdiyimiz kimi, İranın şovinist dairələri tərəfindən qəzəblə qarşılanıb. Bu səbəbdən hazırda Pezeşkianla mühafizəkar dairələr arasında ciddi bir gərginlik müşahidə olunur.
Ən maraqlı məqamlardan biri isə budur ki, İsraillə savaş zamanı bunkerlərdə gizlənənlər indi meydana çıxıb, həmin dövrdə ortada olan şəxslərə, xüsusən də Pezeşkiana qarşı təzyiqlər göstərməyə və onu təhqir etməyə çalışırlar.
Əslində bu karikatura həm də  Pezeşkiana ünvanlanan bir mesaj xarakteri daşıyır. İranın mürtəce dairələri demək istəyirlər ki, əgər Pezeşkian öz siyasətində dərinləşsə və milli məsələlərlə bağlı fikirlərini təkrar dilə gətirsə, o zaman onu vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırmaq üçün hərəkətə keçə bilərlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr