Qalibaf bölgədəki vəziyyətin həssas olduğunu vurğulayaraq deyib: "Bu durumun kökü ABŞ-nin birbaşa müdaxiləsindədir. İran və Türkiyə arasında ikitərəfli və regional əlaqələr təsirlidir və regionun sabitliyi baxımından önəmli rol oynaya bilər."
İranlı spiker, ABŞ və sionist rejimin son hücumlarına qarşı Türkiyənin hökumət, partiyalar, ictimai rəy və parlament səviyyəsində tutduğu mövqeyə görə təşəkkür edib: "İran birbaşa ABŞ, sionist rejim və onların tərəfdarları ilə qarşılaşıb. Xalqımız və silahlı qüvvələrimiz cəsarətlə müqavimət göstərdi. Sionistlər ilk dəfədir ki, bu qədər sərt hərbi cavabla üzləşirlər," - deyə o bildirib.
Qalibaf əlavə edib ki, sionist rejim İslam ölkələrindən çıxmaq niyyətində deyil, əksinə, region ölkələrində etimadsızlıq yaratmağa və xüsusən də Suriyanı parçalamağa çalışır. "Sionist rejim XXI əsrin nasistləri kimi davranaraq soyqırım, dağıntı, aclıq və susuzluğu müharibə vasitəsinə çevirib," - deyə o qeyd edib.
O, İran-Türkiyə münasibətlərinin inkişaf etdiyini və bu əməkdaşlığın regional məsələlərə təsir göstərə biləcəyini vurğulayıb: "İqtisadi-ticarət əlaqələri və sərhəd məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi, həmçinin parlamentlərarası əməkdaşlıq sahəsində ciddi addımlar atılmalıdır."
Numan Kurtulmuş isə bildirib ki, İsrail ABŞ-nin dəstəyi ilə bölgədə aqressiv hərəkət edir. O, son hücumlarda həlak olan İran vətəndaşlarına görə başsağlığı verib və deyib: "Müharibənin ilk günlərində TBMM bütün siyasi partiyaların dəstəyi ilə İran İslam Respublikasına dəstək bəyanatı qəbul etdi."
Türkiyə parlament sədri əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq səviyyəsi yüksəlir və qarşıya qoyulmuş 50 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nail olunacaq. Onun sözlərinə görə, İran parlament dostluq qrupunun son səfəri çərçivəsində keçirilmiş görüşlər bu istiqamətdə irəliləyişə töhfə verəcək.