“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edilib
19-21 iyul tarixlərində “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində fəal iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb. 1news.az Medianın İnkişafı Agentliyinə istinadən xəbər verir ki, Təşəkkürnamələri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim edərək, könüllülərin Forumun uğurla keçirilməsində göstərdikləri əzmkarlıq, peşəkarlıq və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirdiyini bildirib. Könüllülər isə Forumla bağlı öz təəssüratlarını bölüşüb, gördükləri işlər barədə məlumat veriblər. Sonda isə “MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edilib. Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak etdiyi 3-cü Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.