Bu ilin iyul ayında investorların daha çox diqqətini çəkən, süni intellekt və müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən startaplar rekord həcmdə vəsait toplayıb. Bu startaplara ümumilikdə milyardlarla dollar investisiya ayrılıb.
Valyuta.az xəbər verir ki, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri mənşəli texnologiya şirkətləri iyul ayında ən çox sərmayə cəlb edən startaplardan olub.
Siyahıya 2.5 milyard dollarlıq sərmayə ilə "Anduril Industries" liderlik edir. Şirkət pilotsuz sistemlər və süni intellekt əsaslı təhlükəsizlik həlləri ilə tanınır.
İkinci sırada Open AI-nin keçmiş texniki direktoru Mira Muratinin təsis etdiyi "Thinking Machines Lab" dayanır. Startap iyul ayında investorlar tərəfindən 2 milyard dollar sərmayə alıb. Bu investisiyadan sonra startapın bazar dəyəri 12 milyard dollara qalxıb.
Üçüncü yeri 250 milyon dollar sərmayə ilə Dubayda fəaliyyət göstərən və ağıllı kontakt linzalar hazırlayan "Xpanceo" tutur.
İyulun digər diqqətçəkən investisiya sazişləri isə kibertəhlükəsizlik sahəsində ixtisaslaşan BlinkOps və Dropzone AI şirkətlərinə aiddir. San-Fransiskoda yerləşən BlinkOps 50 milyon, Seattle mənşəli Dropzone AI isə 37 milyon investisiya alıb.
Nəticə olaraq, iyul ayında qlobal texnologiya bazarında süni intellektə olan maraq daha da güclənib. Əldə olunan rəqəmlər göstərir ki, investorlar təhlükəsizlik, AI və gələcəyin texnologiyalarına yönəlmiş startaplara sərmayə yatırmaqda tərəddüd etmirlər. Bu tendensiyanın yaxın aylarda da davam edəcəyi gözlənilir.
Sərvanə Rəmixanova